Son zamanlar dağınıq skleroz xəstəliyi çox yayılıb

Belə insanların dövlət qayğısıyla əhatə olunması onlara əlavə yardımdır

  Onkoloji xəstələr və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər bundan sonra əmək pensiyası da ala biləcək. Bu barədə Prezident İlham Əliyevin imzaladığı  "Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunda qeyd edilir. Bu vaxta qədər mövcud olan “Onkoloji yardım haqqında” qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var idi. Yeni sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq. 

İndiyədək qüvvədə olan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna (9-cu maddə) görə də əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Yeni sənədlə əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq. 

  Qanuna dəyişikliyi mütərəqqi, onkoloji xəstələr və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə sosial yardım baxımından müsbət adlandıran Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında yeni qanunun adıçəkilən xəstələrə böyük dəstək olacağını qeyd etdi: 

- Soruşa bilərsiniz ki, niyə məhz onkoloji xəstələr və dağınıq skleroz xəstələri, cavabı bu olacaq ki, bu xəstəliklər insanın əmək qabilyyətini itirməsinə görədir. 

Onkoloji xəstəliklərin mərhələləri, dərəcələri var. Elə ağırlıq dərəcəsi var ki, insanın əmək qabiiliyyətini itirməsinə gətirib çıxarır. Həmçinin dağınıq skleroz xəstəliyi də əmək qabiliyyətinin tamamilə itirilməsiylə nəticələnir. Həm də son zamanlar dağınıq skleroz xəstəliyi çox yayılıb. 

Elə insanlar var təkdir, tənha yaşayır. Köməksizdirlər. Bu cür xəstələrin dövlət qayğısıyla əhatə olunması onlara əlavə yardımdır, köməkdir. Əvvəllər belə idi ki, onkoloji xəstə müayinələrdən keçir, xəstəliyin dərəcəsinə uyğun olaraq ona müavinət təyin edilirdi.

 Amma yeni qanunla onkoloji və dağınıq skleroz xəstələrinə əmək pensiyası da təyin edilə biləcək. Bu, həmin şəxslərin maddi vəziyyətinin yaxşılaşmasına kömək edəcək. Ümumiyyətlə, biz həkimlər hər zaman bildiririk ki, onkoloji xəstəliklər, eləcə də bir sıra ağır xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığorta zərfinə mütləq daxil edilməlidir. 

Çünki bu müayinə və müalicələr bəzən çox bahalı olur, hər kəsin bu məsrəfləri qarşılamağa maddi imkanı yetmir. Ümid edirik ki, çağırışlara müsbət  reaksiya olacaq.