Konfet aldım yeyən yox! - İçindən qurd çıxdı – “Rahat”ın rahatsız işi  


Yazıçı Səfər Alışarlı “Facebook” hesabında içindən qurd çıxmış konfet fotoları paylaşıb. Yazıçı iddia edib ki, həmin konfetləri “Rahat” supermarketlər şəbəkəsindən alıb:
“Moskvanın Babayevski fabrikinin adından buraxılmış, şokolada oxşar saxta məhsuldur. İçində də qurdlar var. Ömrümdə belə şeyə rast gəlməmişəm. Bu ölkədə Qida Təhlükəsizliyi Agentliyi varsa, hara baxır?”.  

Məsələyə münasibət bildirən qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a deyib ki, burda məsuliyyət AQTA-dan daha çox həmin mağaza rəhbərliyinin üzərinə düşür:

 “Buna daha çox mağazalara məhsul gətirən rəhbər şəxslər diqqət etməlidirlər. Bəzən mağazalara satılmayan məhsuldan çox gətirilir, sonra da zərərə uğramamaq üçün  həmin məhsullar satışa çıxarılır.

 Nəticədə alıcılar da belə qurdlu məhsullarla qarşılaşır. Şirkətin öz rəhbərliyi bu işə xüsusi diqqət ayırmalıdır.

 Rəhbərlik öz məhsulunu ticarət şəbəkəsinə çıxarırsa, alıcı o məhsulda nöqsan tapırsa, bu birinci növbədə onun problemi olmalıdır. Nəzarətçi orqan olaraq AQTA  mütəmadi olaraq monitorinqlər keçirir. Nöqsanların qarşısını almağa çalışır. 

Bu baxımdan adıçəkilən qurumun fəaliyyətini yüksək dəyərləndirirəm. Sadəcə olaraq tövsiyə edirəm ki, onlar apardığı monitorinqlərin sayını bir az artırsınlar”.