Bu qida ürəyi və damarları yükləyir, ölümə səbəb olur
"Duzlu bir şey yedikdən sonra çoxlu su içməyə can atmağımız ruhumuzun duz adlı qəribə maddəyə üsyanıdır, dərhal “zəhərindən” xilas olmaq istəyir"
“Ölkəmizdə yüksək qan təzyiqinin əsas səbəbi duzdan çox istifadə edilməsidir”. Bu sözləri kardioloq Firdovsi İbrahimov deyib. Qeyd edək ki, duzun insan üçün təhlükəli olması əvvəllər də elm adamları tərəfindən bildirilib. Həkimlər müəyyən ediblər ki, duzdan çox istifadə etmək ürək-damar xəstəliklərinin və yüksək qan təzyiqinin yaranmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, duz orqanizmdən mayenin çıxmasını ləngidir və mayeni orqanizmdə saxlayır. Nəticədə qanın maye hissəsinin miqdarı artır ki, bu da ürəyi və damarları yükləyir, ödəmlərə səbəb olur. Beləliklə, duzun həddindən artıq miqdarda qəbulu sağlamlıq üçün çox ziyanlıdır. İnsan öz çəkisinin hər kiloqramı üçün 1 qram düz istifadə etsə, bu onu öldürəcək.
Amerikalı mütəxəssislər araşdırmalar zamanı müəyyən ediblər ki, duzdan çox istifadə etmək insan beyni üçün də zərərlidir. Duzdan ifrat dərəcədə istifadə nəticəsində beyinə daha az oksigen gedir və funksiyalar zəifləyir.
Xalq təbabəti üzrə mütəxəssis Təbibxan Bəydəmir isə deyib ki, duz insanlarda asılılıq yaradıb. Onun sözlərinə görə, heç kim duzun insan orqanizminə verdiyi zərərlərin fərqində deyil. Duzsuz hansısa bir qidanı yeyə bilməyəcəklərini iddia edirlər: “Halbuki yer üzündə duzun nə olduğunu bilməyən çoxlu xalqlar var. Duz bizə siqaret və narkotika təsiri göstərir. Duz bir çox heyvanlar üçün də zəhərlidir. Xüsusilə ev quşları üçün. Təsəvvür edin ki, donuz kimi kobud heyvan çox duz yeməkdən ölür. Duz qeyri-üzvi olduğundan insan orqanizmindəki toxumalar və hüceyrələr duzu tanımır.
Duzlu bir şey yedikdən sonra çoxlu su içməyə can atmağımız ruhumuzun duz adlı qəribə maddəyə üsyanıdır, dərhal “zəhərindən” xilas olmaq istəyir. Böyrəklər vasitəsilə duzu xaric edə bilməsi üçün su tələb edir. O zərif böyrəklərin vəziyyətini təsəvvür edə bilərsinizmi? Bədənimizdə duzdan ən çox zədələnən böyrəklərimizdir. İnsan böyrəklərinin bədəndən çıxara biləcəyi həcmdən artıq duz qəbul etsə, bədənimizdə nə baş verir? Qəbul edilən duzlar ayaqdan başlayaraq bədəndə, oynaqlarda və dəri altında yerləşir. Beləliklə, bədən tədricən deformasiyaya uğrayır. Bu zəhərdən xilas olmaq üçün orqanizm avtomatik olaraq ora su göndərir, onunla duzdan xilas olmaq istəyir.
Nəticədə bədənin bu hissələrində su duzla birləşdikdə əvvəlcə maye olur. Günlər keçdikcə bu maye bərkiyir və oynaqlarda sümüklər arasındakı maye “sement”ə çevrilir. Beləliklə, ağrı və ağrılar yaranır, insanlar bu bəlaya bir ad axtarır və tapırlar - "Revmatizm".
Həkimin sözlərinə görə, revmatizm heç bir dərmanla müalicə edilmir və insanlar ömrünün sonuna qədər bu xəstəliyə qarşı keyidici dərmanlardan istifadə etməyə davam edir: “Duz ürək üçün də təhlükəlidir. Duz ürəyin ritmini və qan təzyiqini pozur. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur. Təbiətin yaratdığı bütün nemətlərdə insan orqanizminə lazım olan qədər duz var. Duz əvəzinə turp, sumax, baş soğan, yaşıl soğan, keşniş-şüyüd və pomidor kimi tərəvəzlərdən istifadə etməyimiz kifayət edir. Bişirilən xörəyə isə sumax və razyana, keşniş toxumu tökmək lazımdır”.