Ağa Salamov: "Əla növ undan hazırlanan məhsullar oturaq həyat tərzi keçirən insanlarda xəstəliklər yaradır"
Bir çoxumuz iş şəraiti ilə əlaqədar olaraq bəzən saatlarla kompüter arxasında olmağa məcbur qalırıq. Ofis şəraitində çalışan şəxslər üçün oturaq həyat şəraiti qaçılmazdır ki, bunun da sağlamlığa əks təsirlərinin olduğu bəllidir.
Bəs görəsən, günlük həyatımızın 7-8 saatını oturaq şəkildə keçirərkən, hansı şəkildə qidalanmalıyıq? Ofis şəraitində çalışan insanların qida rasionu necə olmalıdır?
Məsələ ilə bağlı danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov oturaq həyat tərzinin obez də daxil olmaqla, bir sıra xəstəliklərə gətirib çıxardığını bildirib:
“Oturaq həyat tərzi çox ziyanlıdır və bəzən obezə qədər gətirib çıxarır. Bəzi hallarda bu şəraitdə çalışan insanlarda qan dövranı pozulur. Bütün günü yorğunluq, əzginlik müşahidə edilir və başgicəllənmə halları yaşanır. Ona görə də bir saatdan bir fiziki aktivlik olmalı, ən azından çay süzmək bəhanəsi ilə də olsa, yerimizdən durmalıyıq. Əgər bu olmasa, belə həyat tərzi müxtəlif xəstəliklərə gətirib çıxaracaq”.
Qida məsələləri üzrə ekspert ofis şəraitində çalışan şəxslərin əla növ un məhsullarından uzaq durmalı olduğunu deyib. Ekspert yaşıl çaydan istifadənin zəruri olduğunu da qeyd edib: “Çox vaxt ofis şəraitində çalışan şəxslər evdə hazırlanmış yeməklə qidalanırlar. Xüsusilə riskli qidalar kimi hesab olunan toyuq, balıq, yumurta kimi məhsullar səhərdən günortayadək soyuducuda qalmadıqda, bu, zəhərlənməyə qədər gətirib çıxarır.
Bundan başqa mayonezli qidalar, salatlar, ət yeməkləri də risk daşıyıcısıdır. Sağlam qidalanmaq istəyən şəxslərin masalarında dietik peçenyelər olmalıdır və onlar ara-sıra yaşıl çay qəbul edərək, istirahət etməlidirlər.
Bundan başqa lifli qidalar istehlak edilməli, kök, çuğundur, badımcan kimi qidalar yeyilməlidir və undan hazırlanan məhsullardan uzaq durmaq lazımdır. Əla növ undan hazırlanan məhsullar oturaq həyat tərzi keçirən insanlarda qəbizlik, bağırsaq xəstəlikləri və s. yaradır.
Bu səbəbdən oturaq həyat tərzi keçirən insanlar bir dilim olmaqla ancaq lifli çörəklərdən istifadə etməlidir. Bundan başqa ölçü gözlənilməklə, zülal da qəbul edilməlidir”.