Müalicə həkiminin məlumatlara çıxışı asanlaşacaq
“Artıq elektron resept hazırdır, pilot şəklində bir neçə xəstəxanada və ambulator tipli məntəqələrdə tətbiqinə başlanılıb”. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, gələn ilin yanvar ayının 1-dən elektron resept bütün ölkə ərazisində tətbiq olunacaq: “Bununla bağlı bu ilin dekabr ayında geniş tədbir keçiriləcək.
Orada istər tibb işçiləri, istər vətəndaş, istərsə də əczaçılar üçün faydası izah olunacaq”.
Elektron resept barədə “Sher.az”a danışan həkim-terapevt Şahvələd Məmmədov qeyd etdi ki, bunun vətəndaşa xeyri olacaq:
- Elektron reseptin üstünlüyü budur ki, vətəndaşın hansı xəstəliyə qarşı hansı müalicə aldığı, hansı dərman preparatlarından istifadə etdiyi bilinəcək. Müalicə həkiminin bu məlumatlara çıxışı olacaq. İndiyədək hər bir vətəndaşın yerli poliklinika şöbələrində adına açılmış tibb kitabçası vardı. Orada şəxsin vurduğu peyvəndlər, keçirdiyi xəstəliklər haqqında məlumatlar, verdiyi analizlərin, müayinələrinin cavabları toplanırdı. Elektron resept sisteminin üstünlüyü budur ki, bu sistem sayəsində vətəndaşın müalicəsi barədə məlumatlar orada qeyd ediləcək, həkim pasiyentə müalicə yazanda, indiyədək qəbul etdiyi dərman preparatları haqqında da məlumat əldə edəcək və növbəti müalicəni bu dərman preparatlarına uyğun, onlardan irəli gələrək təyin edəcək.
Elektron resept sistemi haqqında Səhiyyə Nazirliyinin rəsmiləri məlumat verərək bildiriblər ki, E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunağlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək.
Bu da öz növbəsində, buraxılmış diaqnozları beynəlxalq təsnifata və vətəndaşların sağlamlığının sonrakı təhlilinə uyğunlaşdırmağa imkan yaradacaq. Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu həm də, dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyi bu ilin sonunadək elektron resept sisteminin tətbiqinə başlamalıdır.