Halal dərman odur ki, onun hazırlanmasında hər hansı bir heyvani inqrident islamda qadağan olunmayıb
“Dərman vasitələri haqqında" qanunun tədbiqi ilə bağlı halal dərman vasitələrinə dair xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirərkən deyib.
Nazir hər kəsi səbirli olmağa çağırıb. Yeni qaydaların müasir tələblərə cavab verdiyini vurğulayan T.Musayevin sözlərinə görə, nəticədə ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən halal dərman vasitələrinə dair dövlət standartı qəbul edilib.
Bildirilir ki, bu standart islam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək.
Ekspert rəyinə keçməzdən əvvəl qeyd edək ki, İbni Abidin həzrətləri buyurub ki: “Haram olan şeylərdən dərman olaraq istifadə edilməsi, bunun xəstəyə yaxşı təsir edəcəyi bilinərsə və halal olan dərman tapıla bilməzsə, caiz olar. Şəfa olduğu təcrübə edilən maddələr dərman kimi halal olar. Haram olan bir şeyin xəstəyə yaxşı təsir edəcəyinin bilinməsi mütəxəssis olan müsəlman bir həkimin söyləməsi ilə aydın olar”.
“Rədd-ül Muxtar”da isə belə bir ifadə var: “Təsirli olduğu təcrübə ilə bilinən haram maddələrdən, zərurət halında dərman kimi istifadə etmək haram olmaz”.
“Zərurətlər haramları mübah qılar” qaydasına görə, bir xəstəliyi müalicə üçün haram bir şeydən istifadə etmək, yedirtmək, içirtmək lazım gələrsə, bu haram şey mübah olur. Xəstə, haram olan şeyi deyil, mübah olan şeydən istifadə etmiş olur. Yəni haram mübah hala gəlir, şəfa mübah maddə ilə təmin edilir.
Maraqlıdır, dinimizdə belə “Zərurətlər haramları mübah qılar” hökmü varsa, Azərbaycanda halal dərman vasitələrinə dair xüsusi qaydaların hazırlanması hansı zərurətdən doğur!?
Halal dərman standartını şərh edən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, standart dərman istehsalında şəriət qaydaları ilə kəsilmiş və haram buyurulmamış heyvan mənşəli məhsullardan istifadəni nəzərdə tutur:
“Ərəb mənşəli “halal” termini məhsulun istehsalı zamanı şəriət qaydalarına uyğun hazırlanmış məhsullara şamil edilir. Bu məhsul qida, dərman və yaxud başqa bir istehsal növü ola bilər. Şəriət donuz ətini və onun digər hissələrindən ayrılan bütün məhsulları haram buyurduğu üçün ondan istifadə halal sayılmır. ““Halal” sözü artıq dünyanın bütün lüğətlərinə daxil edilib. Məsələn, xaricdə “halal meat” – yəni halal ət yazılır. Müsəlmanlar bilirlər ki, bu, şəriətlə qadağan olunmamış heyvan mənşəli məhsullardan istifadə edilərək hazırlanan halal qaydada kəsilib, satış üçün hazırlanmış ətdir”.
A.Qeybulla deyib ki, dərmanların hazırlanmasında, kapsul və dərman əlavələri heyvan mənşəli məhsullar istifadə oluna bilər:
"Halal dərman isə odur ki, onun hazırlanmasında istifadə olunan hər hansı bir heyvani inqrident islamda qadağan olunmayıb. Yəni donuzun əti, piyi və onun digər hissələri olmamalıdır. Bu da daha çox müsəlmanlar üçün nəzərdə tutulmuş dərman standartlarıdır və şəriət qaydaları ilə idarə olunan dövlətlərdə istifadə olunur. Həmin ölkələrə idxal olunan dərman preparatları ilə bağlı mütləq halal tələbi qoyulur".