Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr

Asılılıq insanın müəyyən bir maddəyə, davranışa və ya fəaliyyətə qarşı güclü ehtiyac hiss etməsi və bunu nəzarətdə saxlaya bilməməsi vəziyyətidir. Bu zaman insan həmin maddəni qəbul etmədikdə güclü narahatlıq, gərginlik və psixoloji boşluq hiss edə bilər.

Asılılıq təkcə fiziki deyil, psixoloji bağlılıq da yaradır. Asılılıq insanın kimyəvi maddələrə (spirtli içki, siqaret) və ya davranışlara (qumar, internet, alış-veriş, cinsi davranışlar) qarşı nəzarətsiz və davamlı ehtiyac hiss etməsi, bağlılıq yaranmasıdır. Asılılıq insanın həyat keyfiyyətinə mənfi şəkildə təsir edə bilər və müxtəlif psixoloji, emosional, eyni zamanda, fiziki problemlərə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova deyib.

Psixoloq asılılığın müalicəsinin kompleks şəkildə aparıldığını qeyd edərək bildirib: “Yəni təkcə dərmanla deyil, həm də psixoloji və sosial dəstək vasitəsilə həyata keçirilir. Tibbi müalicədə bəzi hallarda həkim tərəfindən dərmanlar təyin olunur. Dərmanlar bədəndə yaranan çəkilmə simptomlarını azaltmağa kömək edir. Bu mərhələ adətən detoksifikasiya adlanır və maddənin bədəndən çıxarılmasını təmin edir. Psixoloji terapiya isə asılılığın müalicəsində ən vacib hissələrdən biridir. İstifadə olunan üsullardan biri koqnitiv-davranışçı terapiyasıdır. Bu terapiya insanın düşüncə tərzini dəyişməyə, zərərli davranışları tanımağa, yeni və sağlam davranışlar formalaşdırmağa kömək edir. Digər psixoloji yanaşmalar kimi motivasiyaedici müsahibə, fərdi və ya qrup terapiyası, ailə terapiyası həyata keçirilir. Sosial və reabilitasiya dəstəyi üçün reabilitasiya mərkəzləri, dəstək qrupları, sosial mühitin dəyişdirilməsi vacib şərtdir. Stresslə mübarizə bacarıqlarının öyrədilməsi, riskli mühitdən uzaq qalmaq, sağlam həyat tərzi qurmaq, mühitin dəyişdirilməsi müalicənin daha səmərəli təsir göstərməsinə gətirib çıxarır.

Asılılıq xroniki bir problemdir, amma düzgün müalicə, psixoloji dəstək və sosial mühitlə insan sağalıb normal həyata qayıda bilər”.