- Bəzi patologiyalar doğuşa qədər aşkarlanmaya bilər
Azərbaycanda son beş ildə tibb müəssisələrində qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı artıb. Dövlət Statistika Komitəsinin 2021–2025-ci illər üzrə açıqladığı statistik göstəricilər belədir. Məlumata görə, Statistikaya əsasən, son beş ildə kişilər arasında qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı 485 nəfərdən 624 nəfərə, qadınların sayı isə 372 nəfərdən 498 nəfərə yüksəlib.
Yaş qrupları üzrə göstəricilərə görə, 0–13 yaş arasında qeydiyyatda olanların sayı 2021-ci ildə 594 nəfər, 2022-ci ildə 664 nəfər, 2023-cü ildə 797 nəfər, 2024-cü ildə 861 nəfər, 2025-ci ildə isə 703 nəfər olub. 14–17 yaş qrupunda qeydiyyatda olanların sayı müvafiq olaraq 120, 141, 169, 176 və 167 nəfər təşkil edib. 18 və yuxarı yaş kateqoriyasında isə artım davam edib. Bu yaş qrupunda qeydiyyatda olanların sayı 2025-ci ildə isə 252 nəfərə çatıb.
Həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Daun sindromu genetik xəstəlikdir, amma həyatın sonu deyil:
- Yüngül formalı xəstələr hamı kimi normal həyat tərzi keçirə bilir. Digər hallarda vaxtında reabilitasiya tədbirlərinə başlanılsa, həyatda çox əziyyət çəkmir bu insanlar. Səbəblərə gəlincə, bizim üçün xarakterik iki səbəbi qeyd edim. Birincisi, bütün dünyada ananın 35+ yaşı risk faktordur. Bizdə isə 18 yaşdan aşağı qızların ailə qurması təhlükəlidir. İkincisi, yaxın qan qohumluğu ciddi risk faktordur. Bu məsələ ətrafında aparılan qızğın mübahisələr mənasızdır. Feodal adət-ənənələr, dinə söykənmək, “filankəs “top” kimi uşaq doğub və sair yanaşmalar boş, mənasız və təhlükəli nağıllardır. Ətrafınızdakı Daunlu ailələrə diqqətlə baxmaq və doğru qərar vermək lazımdır. Daunlu uşaqları daim sevməliyik, hamımız. Onların sevgiyə, şəfqətə, köməyə ehtiyacları var.
Bəs körpənin Daun sindromlu doğulacağını əvvəlcədən, hamiləlik vaxtı bilmək olurmu?
Həkim-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Daun sindromu ultrason müayinəsində 80-90 faiz görünür. Lakin bəzən də elə bir dəyişkilik ola bilir ki, normal haldan fərqlənmir, yalnız doğuşdan sonra bəlli olur: 
- Burada ehtimal 10-20 faizdir. Ola bilər USM müayinəsi zamanı bu patologiya görünməsin. Belə də olur. Amma görünürsə həkim bunu pasiyentə mütləq deməli, onu xəbərdar etməlidir.
F.Hüseynzadə bildirdi ki, hamiləlik dövründə bir çox patoloji xəstəliklər əmələ gələ bilir. Təəssüf ki onların hamısı USM müayinəsi vasiəsilə görmək qeyri-mümkündür:
- Müayinə zamanı cüzi orqanik dəyişimlər şübhəsi olursa, müəyyən analizlər, müayinələr təyin edilir. Müxtəlif analizlər var bu hallar üçün. DNT testi və sair. Fərqli durumlarda fərqli analizlər istənilir. Müayinədən əlavə əvvəlki hamiləlikdə xəstə uşaq olub və ya birinci, ikinci dərəcəli qohum evliliyi olduqda da ultrasonda nəsə çatışmazlıq görünürsə, pasiyentə məlumat verilməlidir ki hamiləlik risklidir. Hamilələiyin ilk həftələrindıən bəzi anomaliyaları görmək olur. 8 həftədən etibarən. Sonrakı həftələrdə - 11-ci həftədən etibarən ürək formalaşmağa başlayır və 20-ci həftədə bitir. Hamilələrə müəyyən həftələrdə USM müayinəsindən keçməyi məsləhət görürük. Ən sonuncu formalaşan mədə-bağırsaq sistemidir. 28-30-cu həftədə formalaşma başa çatır. Önəmli həftələr və önəmli müayinələr var. Hər hansı anomaliya olsa, müayinə zamanı görünəcək. Həkim bu haqda pasiyentə məlumat verməlidir. Sonrakı mərhələdə problem yaranmasın deyə, hamilə qadınlar təyin olunan müayinılərdən vaxtlıl-vaxtında keçməli və bunlar qeydiyyata alınmalıdır.