Epidemiya: 1917-ci ilin “Yuxu xəstəliyi”nin sirri hələ də açılmayıb

1917-ci ildə dünyanı sarsıdan və təxminən 1 milyon insana təsir edən müəmmalı “Yuxu Epidemiyası” tibb tarixinin ən qorxulu və sirli hadisələrindən biri hesab olunur. İnsanları günlərlə yuxu komasına salan, sağ qalanları isə “canlı heykəl”ə çevirən bu ölümcül xəstəlik 1930-cu illərdə qəfil şəkildə yoxa çıxdı. Lakin aradan bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, alimlər onun sirrini hələ də tam aça bilməyiblər.

Sherg.az xəbər verir ki, Birinci Dünya müharibəsi illərində ortaya çıxan və tibb ədəbiyyatında Encephalitis lethargica (Letargik Ensefalit) kimi tanınan bu xəstəlik ilk dəfə Vyanalı nevroloq Konstantin fon Ekonomo tərəfindən müəyyən edilmişdi. Qısa müddətdə Avropa ilə yanaşı Amerika və Asiyanın bəzi bölgələrinə də yayılan epidemiya xüsusilə 15-35 yaş arası insanları hədəf alırdı. Yoluxanların təxminən üçdə biri həyatını itirmişdi.

Adi qrip kimi başlayırdı

Tarixi tibbi qeydlərə görə, xəstəlik əvvəlcə adi qripə bənzər əlamətlərlə - yüksək hərarət və boğaz ağrısı ilə başlayırdı. Lakin qısa müddət sonra xəstələrdə qarşısıalınmaz yuxululuq yaranır, onlar günlərlə, hətta həftələrlə davam edən dərin yuxu komasına düşürdülər.

Araşdırmalar göstərirdi ki, infeksiya beynin mərkəzi sinir sisteminə, xüsusilə də yuxu və oyanıqlıq prosesini idarə edən hissələrə zərbə vururdu.

Sağ qalanlar ağır psixoloji dəyişikliklər yaşayırdı

Komadan ayılan insanların bir çoxunda ciddi psixoloji və davranış pozuntuları müşahidə olunurdu. Onlar yuxylar görür, qəfil aqressiv davranışlar sərgiləyir və obsesiv-kompulsiv hərəkətlər etməyə başlayırdılar.

Alimlər hesab edir ki, virus yalnız yuxu mərkəzini deyil, insan davranışını və şəxsiyyət xüsusiyyətlərini idarə edən sinir şəbəkələrini də zədələyirdi.

İnsanları “canlı heykəl”ə çevirirdi

Xəstəliyin ən dəhşətli nəticəsi isə sağ qalanlarda yaranan qalıcı nevroloji problemlər idi. Minlərlə insan zamanla hərəkət etmək, danışmaq və mimikalarını idarə etmək qabiliyyətini itirirdi.

Tibb elmində “post-ensefalitik parkinsonizm” adlandırılan bu vəziyyət xəstələrin şüuru tam açıq olsa da, onları öz bədənlərində hərəkətsiz vəziyyətdə saxlayırdı. Buna görə həmin insanlar “canlı heykəl” adlandırılırdı.

İspan qripi ilə əlaqəsi varmı?

Elm dünyasında ən böyük müzakirə mövzusu bu epidemiyanın səbəbidir. Bəzi alimlər hesab edir ki, xəstəlik 1918-ci ildə milyonlarla insanın ölümünə səbəb olan İspan qripi ilə əlaqəli idi və virus beyində ağır immun reaksiyası yaradırdı.

Lakin digər tədqiqatçılar bildirirlər ki, bu hallar İspan qripindən əvvəl də müşahidə olunmuşdu. Buna görə xəstəliyin tamamilə fərqli və hələ müəyyən edilməmiş sirli bir virusdan qaynaqlandığı ehtimal edilir.

Sirli şəkildə yoxa çıxdı

Ən maraqlısı isə odur ki, səbəbi və yayılma yolu müəyyən edilə bilməyən bu ölümcül epidemiya 1930-cu illərdə ortaya çıxdığı kimi qəfil şəkildə yox oldu.

Bu gün də alimlər həmin müəmmalı xəstəliyin sirrini araşdırır və gələcəkdə baş verə biləcək oxşar nevroloji pandemiyalara qarşı öncədən hazırlıq görməyə çalışırlar.