- Buna çox zaman göz yumulur. Nəzarət mexanizmi yoxdur
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qəbul etdiyi yeni qərara əsasən bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinə cavab verməlidir.
Belə bir tələbin ətin qiymətinin bahalaşmasını şərtləndirəcəyi mütəxəssislər tərəfindən ehtimal edilir.
Lakin AQTA bu iddianı qəbul etməyib. İqtisadçı Natiq Cəfərlinin bildirdiyinə görə, onların sorğusuna AQTA-dan verilən cavab belədir: “Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir".
İqtisadçı isə hesab edir ki, qərar məhz sahibkarlığa əlavə məhdudiyyətlər yaradır:
- Heyvan xəstəliklərinə nəzarət onun hansı maşında daşınmasından asılı deyil, xəstə heyvanı "Maserati"də daşıyanda sağalmır. Xəstə heyvanlar manual və vizual olaraq sərhəddə müəyyən edilir, xüsusi maşına xəstə heyvan minəndə o maşın siqnal çalıb, fəryad etmir. Xəstəlik heyvandan-heyvana keçir, hansı maşında daşınmasından asılı olmayaraq belədir. Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır.
İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında ət daşınması kimi mühüm məsələdə ölkədə nəzarətsizlik hökm sürdüyünü bildirdi: 
- Rusiya nümunəsinə baxsaq, ət məhsullarının daşınması qaydaları "Şəhərlərarası Xidmətdə Tez Xarab Olan Malların Avtomobil Yolu ilə Daşınması Qaydaları və Dəmir Yolu ilə Tez Xarab Olan Malların Daşınması Qaydaları" ilə müəyyən edilir. Bu sənədin 13-cü bölməsinin 1-ci bəndinə əsasən, ət məhsulları tez xarab olan mallar kimi təsnif edilir. Ət məhsulları daşıyan nəqliyyat vasitələrinin hər bir nəqliyyat vasitəsi üçün altı aydan çox olmayan müddətə etibarlı olan sanitar pasportu olmalıdır. Sanitar pasportlar Rospotrebnadzorun regional idarəsi və ya səlahiyyətli təşkilatlar tərəfindən verilir. Bütün yüklənmiş mikroavtobuslar və soyuducu yük maşınları yükgöndərən tərəfindən möhürlənməlidir. Ət məhsulları və xam heyvan məhsulları yalnız baytarlıq sertifikatı olduqda daşınmaya qəbul edilir. Ət və ət məhsullarının daşınmasında xeyli şərtlər, qaydalar mövcuddur ki bunlara əməl edilməlidir. İndi gəlin, məsələyə bizim tərəfdən yanaşaq.
İqtisadçı bildirdi ki, bizdə bu məsələ nəzarətsizdir. Kim harda istəyir necə istəyir əti daşıyır:
- Hətta “Jiqulu” maşının baqajında ətlər rayonlardan şəhərə, yayın 42 dərəcə istisində daşınır. Buna çox zaman göz yumulur. Nəzarət mexanizmi yoxdur. Bu baxımdan bizdə hətta sağlam heyvan kəsilsə belə onun əti bütün normalara cavab versə belə, daşınma və saxlanma əsas şərtlərdən biridir. Təəssüf ki şərtlərə əməl edilmir və sağlamlıq üçün ciddi təhlükə yaranır. Təəssüf olsun ki, ətlərin qaydalara uyğun daşınmasına göz yumulur və indi bu məsələnin ortaya çıxması əlbətdə sual doğuracaq. Birinci ona görə ki, qəssabların özlərinin belə avtomobilləri yoxdur ki diri heyvan və ya kəsilmiş heyvanı, hazır ət məmulatlarını harasa daşısınlar. Məcbur qalıb onlar avtomobil kirayələməlidirlər. Bu isə əlavə xərcdir və ya hansısa şirkətlə müqailə bağlayıb daşınmanı o şirkətə həvalə etməlidirlər. Bu da yenə əlavə xərc deməkdir. Daşınmadan əlavə onun düzgün formada qablaşdırılması da olmalıdır. Mən gedim dondurucusu olan avtomobil gətirim və onunla daşıyım necə gəldi, bu, çıxış yolu deyil. Qablaşdırma əsas rollardan biridir və bu da əlavə xərcdir. Bunlar üst-üstə ətin qiymətinə təsir edəcək. Qiymət artımı baş verəcək.