KOVİD-lə, nəhayət, tanış olduq…

Dünyadakı və ölkədəki jurnalistlərin əksəriyyəti kimi mən də meydana çıxdığı ilk gündən etibarən- təxminən iki ildir ki, sərasər koronavirus pandemiyasından yazıram və yazmaqda davam edirəm. Yəqin, sözügedən xəstəlik vəba, sara, mers və digərləri kimi tarixə qovuşanadək  fəaliyyətimizin əsas istiqaməti olaraq qalacaq.

Ötən iki il ərzində bəzən bədbin proqnoz verdik, bəzən nikbin. Yoluxma sayı artanda SOS siqnalı çaldıq, azalanda sevindik. Bəzən təbii mənşəli olduğunu yazdıq, bəzən bioloji silah olduğunu bəyan etdik. Bəzən inandıq, bəzən isə yox...

 Xeyli çətin mərhələlərdən keçdik. İşə qorxa- qorxa getdik, yollarda qaldıq, evdən tez çıxıb, gec qayıtdıq. Amma medianın funksiyasını və üzərimizə düşən məsuliyyəti nəzərə alaraq dözdük, səbr etdik. Ən çox güc verən isə ən yaxın zamanda xəstəliyin bitəcəyinə olan ümid idi. Deyəsən, jurnalistlərin ümidi ən sonda ölür. Əks halda ictimai şüuru necə formalaşdıra bilərik ki?

 Yaxınlarımızdan, dost- tanışdan yoluxan olanda "Allah şəfa versin" dedik. Ancaq insanın öz başına gəlməsi başqa imiş...

 Bizim ailə də virusdan yan keçmədi. Anam yoluxdu. İlk günlər ciddi əhəmiyyət vermədik. Elə bildik ki, həmişəki asqıraq, öskürəkdir. Amma koronavirusun üzü qara olsun, dünyamızı dəyişdiyi (və dəyişməkdə davam etdiyi kimi) xəstəlikləri də "yenilədi" sanki.

 Bir neçə gün sonra yüksək hərarət özünü göstərdi. Vəziyyət o həddə çatdı ki, gecə ilə tanış həkimlərdən birinə- Fəxranə Hüseynzadəyə müraciət etdim. Sağ olsun, müəyyən profilaktik tövsiyələr verdi, qəbul etmək üçün dərman adları dedi. Sonra təcili tibbi yardım  çağırdıq. Ciyərlərini yoxlayan həkim hər şeyin qaydasında olduğunu bildirəndə sevindik. Və həm də təəccübləndik: elə isə haradandır bu qızdırma? Axı indiyədək heç belə olmayıb.

 Test götürüb getdilər.

Səhəri gün başqa həkimə (Şahvələd Məmmədov) mesaj yazdım, simptomları bildirdim. "Böyük ehtimal, karonadır."- dedi. Və əlavə etdi: "İndi qızdırmaların 90 faizi KOVİD mənşəlidir. Narahat olmayın, kritik dövr on gündür".

...Qızdırma imkan vermirdi. Bir yandan da əvvəl tək- tək olan öskürək artıq boğulma həddinə çatmışdı. Anam ayağa dura, iş görə bilmirdi. Mətbəx boş qalmışdı...

 Temperaturu aşağı salmaq üçün gündə beş-altı dəfə “paratstamol” içirdi. Yenə məcbur olub həmin həkimlərdən bu qədər dərman qəbul etməyin ziyanının olub-olmadığını soruşdum. Dedilər ki, narahat olma. Onsuz da başqa çarə yox idi. Bir az gecikən kimi hərarət güc gəlirdi.

 Testin nəticəsi pozitiv çıxanda bir tərəfdən üzüldük, bir tərəfdən sevindik. Sevindik ona görə koronavirusla bəşəriyyət və cəmiyyət olaraq artıq tanış idik. Türklər demiş, haşır-nəşir olmuşduq. Nə etmək lazım olduğunu da az-çox bilirdik. Və bunu ən yaxşı bilənlərdən də biri, yəqin mən idim-Ən başlıcası xəstəliyə psixoloji cəhətdən qalib gəlmək, onu üstələməkdir.

İşə  getmirdim. Gedə də bilməzdim. Çünki xasiyyətimə bələdəm. Ağlımın evdə qalacağına, yazdığımından nəinki oxucunun, heç özümün də bir şey anlamayacağına əmin idim. Odur ki, evdən işləməyə başladım. Anamın öskürək səslərini, təngnəfəsliyini eşidə-eşidə.

 Məşhur fikrin bir daha təsdiqini tapdım: insan ən çarəsiz vaxtında Tanrını yada salır. Doğrudan da, elə oldu.

 Beləliklə, birlikdə mübarizə aparmağa başladıq. Adətən qızdırmanın üç gün çəkdiyini deyirlər. Amma hərərakət növbəti günlər də davam etdi- aşağı-yuxarı bir həftə. İstilik tamamilə gedəndən sonra isə öskürək şiddətləndi. Amma Şahvələd həkim haqlı imiş: on gündən sonra vəziyyət xeyli düzəldi. Daha qızdırma yoxdur, öskürək də tək-tük. İndi anam daha mətbəxə girə bilir. Hətta mənə gün ərzində sayını itirdim qədər çox çay da verir...

 Bununla biz də indiyədək sadəcə adını bildiyimiz, haqqında çox eşitdiyimiz KOVİD cənabları ilə tanış olduq. Necə deyərlər, ölüb- dirildik. O qədər qorxulu deyilmiş...Məşhur türk şairi Cemal Süreyanın dediyi kimi, ölüm kimi bir şey olur, amma kimsə ölmür. Daha doğrusu, adətən kimsə ölmür...

 Mənim növbəm nə vaxt çatacaq, nə zaman yoluxacam, bilmirəm. Şübhəsiz, anidən olacaq. Bəlkə də, ən gözləmədiyim anda. Hər halda hər kəsin növbəsi var.

 Növbəmi gözləyirəm. Haçansa yoluxsam, KOVİD-li günlərimlə bağlı bir yazı yazacağıma söz verirəm.

P.S: Ən qəribəsi və hələ də başa düşmədiyim isə budur: necə olur ki, bütün gün mən metroda, avtobusda...olduğum halda, yoluxan evdən nadir hallarda çölə çıxan anam oldu? Qoy, bu sual da ədalətsiz dünyadan ədalət gözlədiyimizə görə bizim qəbahətimiz olsun. Əsas odur, hər şey yaxşı qurtardı.

Kənan Novruzov