Peyvənd olunmayan uşaqlarda risk qat-qat yüksəkdir
“Su çiçəyinə ən çox qışın sonu və yazın əvvəlində rast gəlinir. Bu dövrdə uşaqlar qapalı məkanlarda daha çox birlikdə olur və virus daha asan yayılır”.
Bu sözləri Sherg.az-a açıqlamasında pediatr Təhminə Həbibli deyib.
Pediatrın sözlərinə görə, xəstəlik əsasən hava- damcı yolu ilə- öskürək, asqırıq və hətta danışıq zamanı belə keçə bilər:
“Səpkilərin içindəki maye ilə təmas da yoluxmaya səbəb olur. Hətta eyni otaqda qısa müddət qalmaq belə kifayət edə bilər. Bağça və məktəb kimi uşaq kollektivlərində sürətlə yayılır və peyvənd olunmamış uşaqlarda risk daha yüksəkdir. Su çiçəyinin ilk əlamətləri adətən yüngül başlayır. Uşaqda halsızlıq, iştahsızlıq, yüngül qızdırma və baş ağrısı və ya qarın nahiyəsində narahatlıq da müşahidə olunur. Bir neçə saat və ya 1 gün sonra isə tipik səpgilər meydana çıxır. Əvvəlcə xırda qırmızı ləkələr görünür, sonra içi maye ilə dolu qabarcıqlara çevrilir. Sıpgilər mərhələli çıxır, yəni eyni anda həm yeni ləkələr, həm də qabıq bağlamış eılementlər görünə bilər. Qaşınma əksər vaxt uşağı ən çox narahat edən əlamətdir”.
Su çiçəyinin çox vaxt ağırlaşmadan sağaldığını vurğulayan həkim bildirib ki, bəzi hallarda ciddi fəsadlar inkişaf edə bilər:
“Səpkilərin bakterial infeksiyalaşması, yüksək və davamlı qızdırma, susuzlaşma mümkündür. Bəzən isə ağciyər iltihabı, sinir sistemi ağırlaşmaları, o cümlədən ensefalit və meningit baş verə bilər. Risk xüsusilə peyvənd olunmamış və immun sistemi zəif lan uşaqlarda daha yüksəkdir. Əgər qızdırma 4 gündən çox davam edirsə və ya 39 dərəcədən yüksəkdirsə, uşaq çox halsızdırsa, nəfəsalma çətinləşirsə, güclü baş ağrısı, davamlı qusma, huşda dəyişiklik və ya səpkilərdə irinləmə görürsünüzsə, mütləq həkimə müraciət etmək lazımdır. Su çiçəyinin müalicəsi digər viruslar kimi əsasən simptomlara yönəlib. Xəstəlik virus səbəbli olduğu üçün antibiotik müalicəsi lazım deyil; yalnız bakterial infeksiya inkişaf edərsə həkim təyin edə bilər. Qızdırma olduqda çəkiyə uyğun dozalarda parasetamol və ya ibuprofen istifadə edilə bilər. Ən vacib məqam isə uşağın maye qəbuıu artırılmalıdır ki, susuzlaşma olmasın”.
T. Həbibli qeyd edib ki, su çiçəyi zamanı dərinin qulluq qaydaları uşağın rahatlığı və səpkilərin sağlam qalması üçün vacibdir:
“Səpkiləri zelyonka ilə boyamağa ehtiyac yoxdur, sadə antiseptiklər, məsələn xlorheksidin kifayətdir. Uşaq rahat çimizdirilə bilər; su ilıq- isti olmalı, amma qaynar olmamalıdır. Dərini yumşaq dəsmal ilə yüngülcə qurulamaq lazımdır. Qaşınmanı azaltmaq üçün təhlükəsiz calamine lotion və ya yüngül anti- itch sprey istifadə edilə bilər. Dırnaqlar qısa saxlanmalıdır ki, uşaq səpkiləri qaşıyıb yara açmasın”.
Pediatr deyib ki, su çiçəyindən qorunmağın başlıca yolu vaksindir: “Birinci doza 12-18 ayda, ikinci doza isə 4-6 yaş arası vurulmalıdır. Əgər uşaq böyükdür və peyvənd olunmayıbsa, birinci və ikinci doza 4 həftə fasilə ilə vurula bilər. Digər önləyici tədbirlərə gəldikdə deyə bilərəm ki, su çiçəyi olan uşaqlarla yaxın təmasdan çəkinmək və əllərin gigiyenasını təmin etmək və kollektivlərdə peyvənd statusuna diqqət etmək vacibdir”.