Təyyarədə təqdim olunan yeməklərin dadsız görünməsinin əsas səbəbi yeməyin keyfiyyəti deyil, kabin şəraitidir.
Sherg.az xəbər verir ki, mütəxəssislərin araşdırmasına görə, təyyarədə aşağı hava təzyiqi, çox quru hava və mühərrik səsi insanın dad və qoxu hissini zəiflədir. Bu şəraitdə duz və şəkər dadını hiss etmə qabiliyyəti təxminən 30 faiz azalır.

Mütəxəssislər bildirirlər ki, kabində rütubət səviyyəsi səhradakı qədər aşağı olduğundan burun selikli qişası quruyur və qoxu hissi zəifləyir. Halbuki qidanın dadının böyük hissəsi məhz qoxu hissi ilə bağlıdır.
Araşdırmalar göstərib ki, mühərrikin yüksək səsi də dad hissinə təsir edir. Təxminən 85 desibellik səs şirin dadı zəiflətsə də, "umami" adlanan zəngin və ətli dadın daha qabarıq hiss olunmasına səbəb olur. Bu səbəbdən təyyarələrdə pomidor şirəsinin daha ləzzətli gəlməsi təsadüfi deyil.

Mütəxəssislər uçuş zamanı bol su içməyi tövsiyə edirlər. Su orqanizmin susuzlaşmasının qarşısını alır, qoxu və dad hissinin qismən bərpasına kömək edir. Bundan əlavə, Airbus A350 və Boeing 787 kimi yeni nəsil təyyarələrdə kabin təzyiqi və rütubət səviyyəsi daha optimal saxlanıldığı üçün sərnişinlər yeməklərin dadını daha yaxşı hiss edirlər.