Vasif Əfəndiyev: "Ukraynadakı ağır məğlubiyyət Rusiyanı Gürcüstanda fəallaşmağa məcbur edib"
Gürcüstanın kurort şəhəri Batumidə Rusiya ilə yaxın, normal münasibətlər qurulması tələbi ilə on minlərlə adam küçələrə çıxıb. Mitinq iştirakçıları Gürcüstan hakimiyyətindən hərbi alyanslarda iştirakdan imtina etməyi və Rusiyaya düşmən kimi yanaşmağa son qoymağı tələb ediblər. Aksiyaları “Gürcüstan vətənpərvərlər Alyansı” təşkil edib.
Çıxış edənlər Rusiya ilə Gürcüstan arasında “ağır mövzular” üzrə genişmiqyaslı dialoqun zəruriliyini vurğulayıblar. Alyansın lideri İrma İnaşvili “Moskva ilə birbaşa dialoq başlatmalıyıq” deyib. Xatırladaq ki, ötən ay Tbilisidə güclü anti-Rusiya etirazları baş qaldırıb. Həmin vaxt Prezident Salome Zurabişvili Rusiyanı “işğalçı və düşmən” adlandırıb. Anti-Rusiya aksiyaları ilə bağlı Rusiya Gürcüstana birbaşa uçuşları dayandırıb.
Qonşu ölkədəki etirazları “Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Gürcüstanın Batumi şəhərində “Gürcü vətənpərvərlər Alyansı”nın təşkilatçılığı ilə keçirilən mitinqdə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması tələbinin irəli sürülməsi məntiqi düşüncəyə sığmır:
“Məlumdur ki, Rusiya Gürcüstanla münasibətləri müəyyən ambisiyalar üzərində qurub. Sovet respublikalarında gedən ümumi proseslərdə müstəqillik qazanan Gürcüstan ən ağır zərbəni Rusiyadan alıb. Birbaşa Rusiyanın hərbi müdaxiləsi nəticəsində Abxaziya və Cənubi Osetiya Gürcüstandan qoparılıb. Bu illər ərzində Gürcüstana qarşı dəfələrlə iqtisadi sanksiyalar tətbiq edilib. Bütün bu azmış kimi Gürcüstanın daxili işlərinə kobud müdaxilələr olunub. Tbilisinin müstəqil xarici siyasət yürütməsinə əngəllər törədilib.
Saakaşvilini Gürcüstandan uzaqlaşdırmağa nail olan Moskva seçkilərdə Rusiyapərəst qüvvələrin qələbəsini təmin edə bilib. Sonuncu Prezident Zurabişvili Rusiyapərəst hesab olunsa da, Gürcüstanda əsası Saakaşvili tərəfindən qoyulan demokratik ab-havanı “dəfn” edə bilməyib. Zurabişvili həm də Avropa təhsili və tərbiyəsi görmüş şəxs kimi birbaşa Rusiyaya meyl etməyə cəsarət etmir”.
Analitikin sözlərinə görə, son günlər Ukraynada Zelenskinin qələbə qazanması Rusiyanı qıcıqlandırıb:
“Ukraynadakı ağır məğlubiyyət Rusiyanı Gürcüstanda fəallaşmağa məcbur edib. Gürcüstanda dini milliyətçilik propaqandası başlayıb.
Gürcülərin pravoslav kilsəsinin xeyir-duası ilə hərəkət edən “Gürcü vətənpərvərlər Alyansı” ruslarla eyni məzhəbdən olmalarını qabardaraq münasibətləri yaxşılaşdırmaq üçün hərəkətə keçiblər.
“GVA” həm də etnik millətçilərdən yararlanmağa çalışır. Onların ermənilər yaşayan bölgələrdə aktiv olması və soydaşlarımıza yaxınlaşmağa cəhd etməsi deyilənlərə sübutdur. Bütün bu cəhdlərə baxmayaraq, Gürcüstan öz yolu ilə gedəcək.
Gürcülər artıq Qərbə inteqrasiya yolunun yarısını keçiblər. Hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq proses davam edəcək”.