“Vaxtaşırı olaraq Azərbaycandakı radikal müxalifət partiyaları xaricə köçmək istəyən vətəndaşlara guya onların partiyasının üzvü olduqlarına dair sənədlər verirlər”.
Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə söyləyib.
Deputat bildirib ki, müxalif partiyalar siyasi mühacirlərin ölkəmizdə kütləvi aksiyalarda işgəncələrə məruz qalması haqqında da saxta sənədlər hazırlayırlar:
“Həmin partiyalar xaricə köçmək arzusunda olan insanlara dəstək verən bir firmaya çevriliblər. Bu məsələ ilə bağlı çoxsaylı faktlar aşkarlanıb, müvafiq sənədlər ortaya çıxıb. Hətta iştirakçılar bir-birini ittiham edirlər. Əlbəttə, bunun özü göstərir ki, xarici ölkə səfirlikləri və hakimiyyət orqanlarını aldadaraq orada kök salmaq istəyən insanlar var. Onları qanun yolu ilə həmin ölkənin vətəndaşı olmaq maraqlandırmır. Əsas məsələ ölkəmiz haqqında pis təsəvvür yaratmaq, sonra isə Azərbaycana qarşı anti-təbliğat kampaniyasında iştirak etməkdir”.
Deputatın sözlərinə görə, mühacirlərin bir çoxu xaricdəki anti-Azərbaycan mərkəzləri ilə əlaqədə olaraq onların təsiri altına düşürlər:
“Onlar həmin cəmiyyətə interqrasiya olunmaq üçün pul müqavilində Azərbaycana qarşı qarayaxma kampaniyalarında iştirak edirlər. Bu məsələdə Azərbaycandakı radikal partiya rəhbərlərinin, vətəni satmaq üçün müəyyən soydaşlarımızın əməlləri var. Təbii ki, düşmən yatmır, Azərbaycana qarşı həmişə hansısa yollarla mübarizə aparmağa çalışırlar. Beləliklə onlar mühacirlərimizdən istifadə edərək öz əməllərinə nail olurlar”.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, “siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir. Onun sözlərinə görə, siyasətlə heç bir əlaqəsi olmayan insanların saxta müxalifət partiyası vəsiqəsi ilə xaricə mühacir etməsi faktları dəfələrlə araşdırma predmeti olub.