Azərbaycan İƏT-i böyük qonşuluğunda regional əməkdaşlığın vacib platformalarından biri hesab edir. Biz, şübhəsiz ki, iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Biz bunu siyasi cəhətdən edirik, çünki bu bizim siyasi iradəmizdir.
Bunu Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib:
“Regional və bölgələrarası təşəbbüslərdə fəal iştirak etməklə, Azərbaycan bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir. Bu xüsusda, ölkəmizin İƏT çərçivəsində əməkdaşlıq fəaliyyətinə və bölgədə ticarət və əməkdaşlığın inkişafına verdiyi önəmi vurğulamaq istərdim.
Dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan nəqliyyat xidmətlərini iqtisadiyyatımızın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək tranzit və ticarət potensialımızı yerinə yetirməyə çalışır. Bunu nəzərə alaraq, Azərbaycan Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu şaxələndirir və modernləşdirir.
Artıq Çin və Avropadan bir neçə logistika şirkətinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars strateji magistral dəmir yolu, Yeni Beynəlxalq Dəniz Ticarət Limanı, sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyası ilə birlikdə, Çinin rəhbərlik etdiyi Bir Kəmər, Bir Yol Təşəbbüsü üçün orta dəhliz qismində Transxəzər Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu, Əfqanıstanın potensialını açmaq üçün Lapis Lazuli ticarət yolu, həmçinin Şimal-Cənub və Cənub-Qərb ticarət dəhlizləri bütün İƏT regionunun tranzit potensialının artırılmasına yönəlmiş əsas infrastruktur layihələridir. Yalnız bu marşrutların xəritəsinə baxsanız bölgəmizdəki ticarət arteriyaları və damarları ilə bir-birinə bağlı olan şəbəkəni görə bilərsiniz. Bu, ticarətin asanlaşdırılması üzrə canlı ambisiyamızdır.
İƏT bölgəsində böyük potensiala malik digər bir sahə də informasiya-kommunikasiya texnologiyaları sahəsidir. Azərbaycan Qazaxıstan və Türkmənistan ilə, ölkələrimizin adlarını Avrasiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xəritəsinə salmaq üçün genişzolaqlı şəbəkə qurmaq məqsədilə Transxəzər fiber-optik kabel bağlantısının həyata keçirilməsində əməkdaşlıq edir. Bununla, rəqəmsal fərqin aradan qaldırılmasına yönələn BMT-nin təşəbbüslərinə töhfə verməyə davam edəcəyik. Bu həm də İƏT bölgəsində ticarətin rəqəmsallaşdırılmasına kömək edəcək.
İƏT çərçivəsində həyata keçirilə biləcək mümkün birgə layihələrdən biri də ticarətin rəqəmsallaşdırılmasıdır. Bu daha çox ticarət həcmini cəlb edə bilər. Bu cür elektron ticarət platformalarını bölgədəki tərəfdaşlarımızla birlikdə təşviq edə bilərik. Beləliklə, bəlkə də həqiqətən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə əməkdaşlıq formatımızda ola biləcək imkanlara daha dərindən baxmalıyıq.
Kənd təsərrüfatı sahəsində Azərbaycan və digər İƏT üzv dövlətləri əhəmiyyətli irəliləyiş əldə etdilər. Bununla belə, hesab edirəm ki, bu sahədə əməkdaşlığı daha da artırmaq lazımdır. Bunu nəzərə alaraq, Azərbaycan bu il 3-4 dekabr tarixlərində İƏT Kənd Təsərrüfatı Nazirlərin 6-cı görüşünün keçirilməsini təklif etdi. Bakıda keçiriləcək bu mühüm tədbirdə ölkələrinizdən yüksək səviyyəli nümayəndə heyətlərini görməyi gözləyirik.
Digər sahə turizmdir. Turizm sahəsində əməkdaşlıq xalqlar arasında əlaqə qurmaq baxımından vacibdir. Biz həm də İƏT-dəki turizm layihələrini xalqlar arasında əlaqələri asanlaşdıran bir vasitə hesab edirik.
Bundan əlavə, biz regional enerji gündəliyində dayanıqlı enerji və enerji ətraf mühitini "ECO Vision 2025" və BMT-nin 2030 Gündəliyinə uyğun olaraq təmin etmək üçün İƏT-in davamlı səylərini qiymətləndiririk. Hesab edirik ki, bu regional diqqət İƏT bölgəsinin bərpa olunan enerji və səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarını aça bilər. İƏT Təmiz Enerji Mərkəzinin yaradılması bu meyllərə uyğun gələ bilər. Xahiş edirəm, təbii qazı unutmayaq, çünki bu, təmiz qalıq yanacaqdır və daha yaxşı enerjiyə qənaət edən həll yollarına keçməyə çalışdığımız zaman iqtisadiyyatlarımızda "keçid yanacağı" rolunu oynaya bilər.
2017-ci ildə qəbul edilmiş “İƏT Baxışı 2025” sənədi İƏT-in iqtisadi və sosial gündəliyini zənginləşdirməli və təşkilatın qarşıdakı on il üçün strateji istiqamətini müəyyənləşdirməlidir. Azərbaycan bu islahat prosesini mövcud qurumların səmərəliliyini artıra biləcək və İƏT-in gələcək inkişafına imkan yaradacaq birgə səylər vasitəsilə dəstəkləyir.
Azərbaycan iqtisadi əməkdaşlıqla yanaşı, digər sahələrdə də əməkdaşlığa önəm verir. Bu yaxınlarda 2019-cu ildə İƏT-in Korrupsiyaya Qarşı Mübarizə Agentlikləri və Ombudsmanlarının Əməkdaşlıq Mərkəzinin Əsasnaməsini imzaladıq və ratifikasiya etdik.
İƏT əhalisi Azərbaycan üçün dost ailədir. Tarixi münasibətlərimizi yüksək qiymətləndiririk.
Əlbəttə, Antalya Kommünikesində də əks olunduğu kimi hamımız etiraf etməliyik ki, İƏT bölgəsində həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi bizim hərtərəfli əməkdaşlığımızın qarşısını alır.
Yerindəcə mövcud olan təhdidedici reallıqlar həllini tapmalıdır ki, ölkələrimiz arasında daha çox əməkdaşığa imkan yaransın.
Həmçinin kommünikedə əks olunmuş digər mühüm bir müddəa mövcud münaqişələr və birgə təhdidlər də daxil olmaqla bölgədəki digər təzyiqlərin qarşısını almağı nəzərdə tutur.
Təəsüf ki, bu sadəcə reallığın siyasi şəkildə əks olunması deyil, həmçinin bölgəmiz üçün iqtisadi imkanların itirilməsi deməkdir. Məsələn, əgər torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı, o zaman İran və Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəmiz ola bilərdi.
Bu münasibətlər həmrəylik prinsiplərinə əsaslanırlar və bu daha da güclənməlidir. Siyasi və hərbi təhdidlər, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlər aradan qaldırılmasa, regional iqtisadi əməkdaşlıq mümkün deyil. Buna görə 2017-ci il İslamabad Sammitinin Bəyannaməsində bu mövzu ilə əlaqədar vurğulanan məqamlar İƏT üzv dövlətlərinin öz milli və regional fəaliyyətlərində aktuallaşdırılmalıdır”.