"Mnasakanyanın da beynində Paşinyanın beynindəki kimi qarışqalar yeriyir"

"ATƏT-in Minsk Qrupu egidası altında aparılan danışıqlarda ən kəskin məsələlərdən biri Dağlıq Qarabağın hüquqi statusunu müəyyən edəcək subyektin kimliyidir. Sənədlərdə aşkar şəkildə göstərilib ki, Dağlıq Qarabağın statusunu  “Dağlıq Qarabağ əhalisi” müəyyənləşdirəcək".

Sherg.az-ın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Yerevan səfəri zamanı verilən açıqlamalara münasibət bildirərkən deyib. 

Analitik qeyd edib ki, “Dağlıq Qarabağ əhalisi” Dağlıq Qarabağın azərbaycanlıları və ermənilərinin birgə məcmuyudur:

"Ermənilər bununla razılaşmır. Çünki ermənilərin yumşaq desək ksenofobik baxışı azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmasını qəbul edə bilmir. Dağlıq Qarabağ azərbaycanlılarının dədə-baba torpaqlarına qayıtması erməni siyasi tarixinin rüsvay olması anlamındadır. Çünki hamı biləcək ki, Dağlıq Qarabağdan deportasiya olunanlar bu torpaqların əsl sahibi olan azərbaycanlılardır. Ermənistanın Xarici İşlər naziri Z.Mnasakanyan sübut etməyə çalışır ki, Dağlıq Qarabağ erməniləri öz torpaqlarından deportasiya olunublar. Amma Z.Mnasakanyan məntiqi izah vermir ki, necə olub “deportasiya olunan ermənilər” həmin torpaqda yaşayır, “deportasiya edən azərbaycanlılar”  o torpaqdan qovulub, orada yaşamır?!.". 



Politoloq: "Mnasakanyanın “Dağlıq Qarabağ əhalisi” terminin işlətməsi müsbət hadisədir"


Əhmədoğlu vurğulayıb ki, Z.Mnasakanyanın “Dağlıq Qarabağ əhalisi” terminin işlətməsi müsbət hadisədir:

"Onun rəhbərlik etdiyi nazirlik rəsmi bəyanatlarında  “Dağlıq Qarabağ əhalisi” terminini istifadə etməyə başlamışdı. Eks-prezident S.Sərkisyan bir neçə dəfə  bu termini işlədib. E.Nalbandyan Xarici işlər naziri postundan getdikdən sonra, yeni hökumətin dövründə son müsahibəsində “bütün sənədlərdə aydın şəkildə göstərilib ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir” həqiqətini bəyan etdi. Əslində Ermənistanın rəhbərliyi erməni xalqını ələ salır. Mnasakanyanın İsveçrə Beynəlxalq İnstitutunda çıxışı və orada azərbaycanlıların suallarına cavab verməsi onu daha çətin vəziyyətdə qoydu; O, Azərbaycanın müharibəni başlamaq adlı təhlükəsinin aktual olmadığını və Azərbaycanın bu hədəsinin Ermənistana tərəf təzyiq rıçaqı kimi istifadə oluna bilmədiyini bəyan etdi. Bir neçə saniyə keçmiş  Z.Mnasakanyan özünü təkzib edir: “Azərbaycanın yüksək səviyyədə militarist ritorikasının davamı yolverilməzdir. Beynəlxalq ictimaiyyət  Azərbaycanın bu ritorikasına reaksiya verməlidir”. Sanki Mnasakanyanın da beynində N.Paşinyanın beynindəki kimi qarışqalar yeriyir. Mnasakanyan aydın formada mövqeyini erməni xalqına izah etməlidir. Çünki ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas tələblərindən biri xalqı sülhə hazırlamaqdır. Mnasakanyan hələki “Dağlıq Qarabağ xalqı” ilə ”Dağlıq Qarabağ əhalisi” termininin fərqini öz xalqına izah edə bilmir".

Politoloq vurğulayıb ki, “Dağlıq Qarabağ xalqı” və “Dağlıq Qarabağ ermənisi” adlı xalq yoxdur:

"Bu ermənilərin “miatsum” məntiqinə zidd olan daha bir yanaşmasıdır. Əgər erməni xalqı bütövdürsə  Dağlıq Qarabağdakı ermənilər onun ayrı bir hissəsi ola bilməz. Dağlıq Qarabağ ermənisini fərqləndirməklə rəsmi Yerevan Azərbaycanın mövqeyini dəstəkləmiş olur. Çünki Dağlıq Qarabağ ermənisinin Ermənistan ermənisindən fərqi, Dağlıq Qarabağ ermənisinin danışdığı dildə türk və fars sözlərinin olmasıdır. Bu o deməkdir ki, Dağlıq Qarabağ ermənisi İran və Osmanlıdan köçüb gəlmədirlər. Yəni, Dağlıq Qarabağ erməniləri yerli erməni deyil. Erməni məntiqi getdikcə ermənilərin özlərini daha çətin vəziyyətə salır".