Paşinyan boş ümidlər verir, iqtisadçılar isə həyəcan təbili çalır :"Durum ağırdır !"


“Ermənistanda iqtisadi vəziyyət ağırlaşmağa doğru gedir. İqtisadi ekspertlər həyəcan təbili çalırlar. İqtisadçı və keçmiş deputat Vardan Bostandjyan baş nazir Nikol Paşinyanın reallıq hissəsini itirdiyini bu sözlərlə ifadə edib: 
“Dünya ölkələri iflic olub, hökumətlər nə edəcəklərini bilmirlər, Nikol Paşinyan isə Ermənistanın mövcud olmayan iqtisadi uğurlarından danışır”.

Bunu  “Sherg.az”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, erməni iqtisadçı Beynəlxalq Valyuta Fondunun proqnozuna əsaslanaraq dünyanı iqtisadi xaos gözlədiyini xatırladıb: 

“Buna baxmayaraq, Paşinyan yazdığı statuslarda Ermənistan iqtisadiyyatı üçün optimist fikilər söyləməkdə davam edir. Vardan Bostandjyan Paşinyanın hakimiyyətə gəldiyi gündən bu yana reallıq hissini unutduğunu, insanların eşitmək istədiyi, ancaq reallığı əks etdirməyən fikirlər söylədiyini bildirib: 

“İnsanlarla boş ümidlərə artıq inanmırlar. Mən də bir iqtisadçı kimi optimist gələcək vəd etmək istərdim. Ancaq durum fərqlidir. İqtisadiyyat rasional deyil, işin keyfiyyəti yoxdur, üstəgəl koronavirus hər şeyi məhv edib. Belə vəziyyətdə “sabah yaxşı olacaq” deməyin mənası yoxdur”.

Maraqlıdır ki, Nikol Paşinyan optimist cümlələr yazsa da, Avrasiya İqtisadi Birliyinin son videkonfransında üzv ölkələrin, o cümlədən Ermənistan iqtidadiyyatının böhrana sürükləndiyini etiraf edərək deyib:

 “Durum ağırdır. Böhranın necə inkişaf edəcəyini kimsə proqnozlaşdıra bilməz. Ona görə də Avrasiya İqtisadi Birliyinə üzv ölkələr bir-birlərini dəstəkləməlidirlər”.

Paşinyanın sonuncu cümləsi heç nə ifadə etmir. Avrasiya İqtisadi Birliyinə üzv ölkələr bir-birlərinə dəstək məqsədilə yalnız bir neçə təyyarə tibbi ləvazimat və maska göndərə bilərlər, indiki şəraitdə qarşılıqlı yatırımlardan söhbət belə gedə bilməz. Hamı öz hayındadır. Ermənistanın əsas müttəfiqi Rusiya bu ölkəyə satdığı qazın qiymətini endirmirsə, başqa üzv dövlətlər İrəvana necə iqtisadi dəstək verə bilərlər?

Bu arada, Ermənistanda və Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artır. Ermənistanın səhiyyə naziri Arsen Torosyan koronavirusun yayılmasının ölkədə nəzarətdən çıxdığını etiraf etməli olub:

"Əvvəl virus bir mənbədən yayılırdı və biz onu müəyyənləşdirirdik, indi isə 10 və ya 20 mənbədən yayılmağa başlayıb və bu mənbələri tapmaq çətinləşir. Karantin hələ ki, müsbət nəticə vermir”.