“İnsan hüquqlarını alətə çevirən AŞ faktlarla ifşa olunur"


“Sual yaranır: ABŞ- da insan haqları kobud şəkildə pozulanda, polis vətəndaşı boğanda AŞ niyə susur?!”
"İndi hüquq siyasəti arxa plandadır, güc siyasəti öndədir. Ona görə də qeyri- obyektiv mənzərə yaranır. Bu cür ikili standartların əsas səbəbi beynəlxalq qurumların, o cümlədən  AŞ- ın böyük dövlətlərdən qorxmasıdır"

“Biz ikinci Ermənistanın yaranmasına imkan verməyəcəyik. Buna onların nə hüquqi, nə də mənəvi haqları çatır"





Prezident İlham Əliyev iyunun 3- də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. O, bir qrup idmançının qarşısında çıxış edib. Dövlət başçısı öz nitqində bəzi taleyüklü məsələlərdən danışıb, beynəlxalq ictimaiyyətin Azərbaycana münasibətindən söz açıb: "Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə, çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!"

AŞ PA- nın Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a açıqlamasında Prezidentin öz çıxışında  çox dəqiq və konkret danışdığını vurğuladı: 

"Bu nitq zamanı təkcə AŞ- ın davranışı yox, ümumilikdə beynəlxalq münasibətlər gündəmə gətirildi. Şəxsən mən bu çıxışa görə dövlət başçısına minnətdarlıq edirəm. Əminliklə deyə bilərəm ki, o, çoxdan dünya siyasətçiləri sırasına daxil olub. Cənab İlham Əliyevin atdığı addımlar dünya siyasətinə təsir göstərir.  Bir çox siyasətçilərin dilə gətirməyə qorxduğu həqiqətləri o, olduğu kimi deyir.  Prezidentimizin qeyd etdiyi kimi, AŞ- da insan hüquqları, humanizm artıq alətə çevrilir. Onlar bu adla bir çox ölkələrə təzyiq göstərirlər. Erməni lobbisi isə bundan istifadə edir, insan hüquqları adı altında öz çirkin əməllərini törədir. Sual yaranır: ABŞ- da insan haqları kobud şəkildə pozulanda, polis vətəndaşı boğanda AŞ niyə susur?! Dövlət başçısı cəsarətlə bu faktları qeyd etdi".

S.Seyidov, həmçinin bildirdi ki, Prezidentin bu nitqi tarixi faktlarla zəngin idi:

"Dövlət başçısının nitqi ciddi təhlil edilməlidir. Çünki çox vacib məsələlərə toxunuldu. Prezident də qeyd etdi ki, İllər əvvəl Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistana verilməsi ilə bu dövlət yaranıb. Təkrar edirəm, hansısa azadlıq hərəkatı və ya başqa formada yox, məhz Azərbaycan torpaqları hesabına. Biz ikinci Ermənistanın yaranmasına imkan verməyəcəyik. Buna onların nə hüquqi, nə də mənəvi haqları çatır". 

AŞ PA- nın Azərbaycan nümayəndə heyəti rəhbərinin fikrincə, təkcə Azərbaycana yox, digər dövlətlərə qarşı da münasibət obyektiv deyil:

"İndi hüquq siyasəti arxa plandadır, güc siyasəti öndədir. Ona görə də qeyri- obyektiv mənzərə yaranır. Bu cür ikili standartların əsas səbəbi beynəlxalq qurumların, o cümlədən  AŞ- ın böyük dövlətlərdən qorxmasıdır. Biz gələcəkdə də indiki kimi cəsarətli olub, həqiqəti çatdırmalıyıq. Və dövlət başçısının dediyi kimi, düzgün geosiyasi vəziyyətin yaranmasını gözləməliyik".