Çavuşoğludan gənclərə təşəkkür gəldi

“Can qardaşlarımıza canımız fəda”


Ermənistanın Azərbaycan sərhədlərini pozaraq başlatdığı təxribatlar zamanı qardaş Türkiyə ölkəmizə birmənalı şəkildə dəstəyini bildirdi. Xüsusilə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğludan gələn dəstək gənclərimiz tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.
Azərbaycanlı gənclər qardaş ölkənin xarici işlər nazirinə təşəkkürlərini ifadə edən videoçarx hazırlayıblar. Sosial şəbəkədə paylaşılan həmin video Mövlud Çavuşoğlunun diqqətindən yayınmayıb. O da öz növbəsində həmin videonu rəsmi səhifəsində paylaşaraq bu sözləri yazıb: “Can qardaşlarımıza canımız fəda”.

Gənclərimizin sərgilədiyi davranışın qürurverici olduğunu deyən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Sherg.az”a bildirib ki, qardaş ölkə hər zaman Azərbaycanın yanındadır:

“Türkiyənin xarici işlər naziri Tovuz hadisələri zamanı Ermənistanın işğalçılıq siyasətinə qarşı sərt çıxış etmişdi. Gənclərimiz bilsə də, bilməsə də Türkiyə hər zaman Azərbaycanla bir yerdədir. Lakin gənclərimizin bu münasibətə qiymət verməsi qürurverici və xoş hadisədir. Belə münasibət göstərdikləri üçün həmin gəncləri təbrik edirəm”.