Erməni diasporunun güclü olmasıyla bağlı mifi dağıda bildik” - MÜNASİBƏT


Xarici ölkələrdə yaşayan azərbaycanlıların fəallığı Ermənistanın Baş naziri Nikol Paşinyanı Diasporla İş üzrə Komissarlıqda təmizləmə əməliyyatı aparmağa məcbur edib. Belə ki, o, qurum daxilində 4 nəfərin vəzifəsini dəyişib və 10 məsul işçini vəzifəsindən azad edib.

"Şərq" qəzetinin təsisçisi Akif Aşırlı məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, erməni diasporunun tarixi çox əskilərə dayanır. Lakin buna baxmayaraq, onlar etiraf etdilər ki, kilsə ilə diaspora arasında koordinasiya qurula bilmədiyi üçün Azərbaycan diasporu qarşısında uğursuz olublar:

“Ermənistanda iqtisadi vəziyyət həddən artıq ağırdır. Pamdemiya dönəmində dövlət strukturları iflic vəziyyətinə düşüb. Onlar həmişə xaricdəki diaspora fəallarına güvənirdilər. Lakin sonda uğursuz olduqlarını etiraf etdilər. Bəli, bunlar Ermənistan mətbuatının yazdığı etiraf dolu məqalələrdir. Bildirim ki, onlar dağınıq xalqdır, müxtəlif ölkələrdə yaşayıblar, onları birləşdirən bir kilsə olub və zamanla öz diasporlarını formalaşdırıblar, bugünədək onu güc kimi göstəriblər. Biz də yaxşı bilirik ki, ermənilərin arxasında kilsə və diaspora dayanır. Azərbaycan diasporu isə müstəqillik dövründən hesablasaq, cəmi 25-30 ildir ki, formalaşıb. Ancaq ümumilikdə götürsək, 1920-ci ildən sonra diaspor formalaşıb. Tovuz hadisələrindən sonra siyasi mövqeyindən asılı olmayaraq, xaricdə yaşayan azərbaycanlıların vahid güc kimi toplaşmasında diaspora komitəmiz mühim rolu olub. Bunu çox yüksək qiymətləndirmək lazımdır. Hesab edirəm ki, xaricdəki qüvvələrimizin ortaya çıxması, onların Azərbaycanın bütövlüyünü tələb etməsi, hətta gəlib Qarabağda döyüşmək istəmələri dünyaya bir mesajdır. Azərbaycanın haqq səsinə böyük bir qatqıdır. O baxımdan son dönəmlərdə çox böyük fəallıq göstərilib”.

Modern Media Group-un baş direktoru Elşad Eyvazlı qeyd edib ki, erməni diaspounun çox güclü olması, yenilməzliyi ilə bağlı içimizdə zaman-zaman fikirlər formalaşdırıblar. Son vaxtlara qədər düşünüşük ki, bizim erməni diasporuna onlara hətta sözlə belə cavab verməyimiz mümkün deyil. 

Amma son hadisələr bunun tam əksini göstərdi:

“Birmənalı olaraq Son hadisələr dünya çapında “yenilməz”, erməni lobbilərinin mifini darmadağın etdi. Mən buna görə Azərbaycan diasporunu, Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edirəm. Ola bilsin ki, onlar etdiklərini fərqində deyillər. Amma onlar tarix yazdılar. Daha erməni diasporu mifi yoxdu.

Ayrı-ayrı ölkələrdə Soydaşlarımızın Qarabağ hayqırtısı böyük öks-səda doğurdu. Artıq dünyanın əksər ölkələrində özlərini sivil toplum kimi təqdim edən ermənilər azərbaycanlılarla sivil qaydada mübarizə apara bilmədiklərini göstərdilər. Azərbaycanlıların onları üstələdiyini gördükdə zorakı metoda keçdilər. Onlar bu metodla azərbaycanlıları təxribata çəkmək istədilər. Amma daha 20-30 il əvvəl deyil. Dünya azərbaycanlıları ağılla, təmkinlə hərəkət edir”.

Elşad Eyvazlı bu təmkinliliyimizin bir çox qüvvələri olduqca narahat etdiyini də vurğulayıb:

“Məlumdur ki, Ermənistanda diasporla bağlı dövlət  qurumunda böyük kadr dəyişiklikləri oldu. Bu, dünya azərbaycanlılarının son fəallığından sonar baş verdi. Demək ki, Ermənisstan rəhbəri Paşinyan erməni diasporunun azərbaycanlılara uduzduğunun fərqindədir. Təssüf ki, diasporumuzun bu uğurunu öz içimizdə qəbul edə bilməyən qüvvələr var. Bu məsələdən narahat olanlar Azərbaycanın əleyhinə olan qüvvələrlə əlbir olan azərbaycanlılar da var. Biz mütləq onlara sahib çıxmalıyıq. Onları düşdükləri rəzil durumdan çıxarmalıyıq. Onlar görürlər ki, diasporumuz artıq çox güclüdür və Azərbaycanın əleyhinə olan qüvvələrlə işləməklə heç nə əldə edə bilməyəcəklər. Biz artıq diasporumuzla qürur duyuruq. 

Mənim çox yaxın dostum var. Xaricdə yaşayan imkanlı azərbaycanlılardan biridir. Adam yaşadığı şəhərdə rəhmətə gedən azərbaycanlıların nəşinin Vətənə göndərilməsi xərcini qarşılayır, ailələrinə bacardığı qədər kömək edib. Onun yaşadığı yerdə iş axtaran olubsa, onları işlə təmin edib. 

Bu günədək də Azərbaycanda heç bir dövlət qurumu ilə əlaqəsi yoxdur. Bəzən baxırsan ki, şikyət edir, deyir bu qədər zəhmətinin müqabilində millətin nümayəndələri içində ona qarşı qərəzli olanlar da var. Hətta guya göstərdiyi köməyi Azərbaycandan alır. Halbuki belə bir şey yoxdur. Deyir bəzən insanları inandıra bilmir ki, bu köməyi özünün borcu sayır. Dostum deyir ki, buna səbəb bizə qarşı olanların içimizdə bizi-bizimizə qarşı inamsızlıq toxumu səpməsidir. Soydaşlarımızın biri-birinə düşmən olmasına çalışırlar. Amma faydasızdır, uğur qazanmayacaqlar. 

Pandemiya dövründə Azərbaycanlılardan başqa hansı xalqın nümayəndələri öz soydaşlarını xaricdəki evlərində saxladılar? Bunlar qürurverici məsələlərdir. 

Mən xaricdə yaşayan neçə-neçə dostlumla danışmışam, onlara biri-birimizə inamsızlığın yanlış fikir olduğunu bildirmişəm. Əminəm ki, biz bu dediyim məqamı da geridə qoyacağıq. Azərbaycan diasporu dünyanın ən güclü diasporu olacaq. Buna bizim intellektimiz də, gücümüz də, istəyimiz çatır. Diasporla İş üzrə Dövlət Komitəsinin bu sahədəki uğurlu addımalrının əks-sədası bir azdan eşidiləcək”.