Məhərrəm İncə incə siyasət yeridir

"İncə CHP-dən ayrılarsa, onun yüksəlmək şansı daha çox olar"

Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasını təmsil edən tanınmış siyasətçi Məhərrəm İncənin partiya qurmaq və prezident seçilmək niyyətində olduğu deyilir. Bu barədə türk mediası məlumat yayıb. İncənin bu məqsədlə paytaxt Ankarada öz ofisini açmağa hazırlaşdığı bildirilib. Siyasətçinin bu addımı atmasına səbəb kimi üzv olduğu Cümhuriyyət Xalq Partiyasında ayrıseçkliyə məruz qalması göstərilir. İddiaya görə, İncə qarşıdan gələn prezident seçkisində CHP-nin namizədi olmayacağı təqdirdə, öz partiyasını qurmaq üçün adekvat addımlar atacaq.

Onun öz planını reallaşdırmaq üçün CHP-də təmsil olunan və vaxtilə bu partiyadan uzaqlaşmış məşhur simalarla görüşlərə başladığı da yayılan məlumatlar arasındadır. Bənzər iddia türk siyasi təhlilçisi Əbdülqədir Səlvi tərəfindən də səsləndirilib. Səlvi İncənin Cümhuriyyət Xalq Partiyasının qurultayından sonra partiyasını elan edəcəyini bildirib.

Lakin o, CHP kimi siyasi təşkilatdan uzaqlaşıb partiya qurmağın o qədər də asan olmadığını söyləyib. Bundan əvvəl yeni partiya qurma iddialarını sürətlə təkzib edən İncə bu dəfə səssiz qalıb sosial şəbəkə üzərindən verdiyi açıqlamada məmləkəti üçün doğru olduğuna inandığı qərarı olan kimi bunu hər kəslə paylaşacağını söyləyib. Xatırladaq ki, Məhərrəm İncə 2018-ci il prezident seçkisində CHP-dən namizəd olub və 30 faizin üzərində səs toplayıb. 

İncənin partiya yaratmaq niyyəti ilə bağlı “Şərq”ə danışan politoloq Natiq Miri bildirib ki, Məhərrəm İncə Türkiyə ictimai-siyasi həyatında kifayət qədər tanınan şəxsdir. Onun sözlərinə görə, İncənin Cümhuriyyət Xalq Partiyasında yetərli dəstəyi də var:

“Problem ondadır ki, indiki CHP daxilində demokratik mühit yoxdur. Sədr Kamal Kılıçdaroğlu dövründə elə bir sistem qurulub ki, rəhbər strukturlara yalnız onun müəyyən etdiyi şəxslər seçilir. Belə dar çərçivədə bütövlükdə CHP seçicilərinə təsir etmək imkanı zəifdir.

İncə namizəd kimi qatıldığı prezident seçkisindən sonra partiyası əleyhinə bəzi fikirlər səsləndirdi və bununla partiya idarəetməsindən uzaqlaşdırıldı.

Kılıçdaroğlu İncəni özünə potensial təhlükə gördüyü üçün həm onu, həm də Məclisdəki tərəfdarlarını mümkün qədər sıxışdırmağa başladı. Bəziləri rəhbər strukturlardan kənarlaşdırıldı, digərləri isə istefa vermək məcburiyyətində qaldılar. İndiki vəziyyətdə Məhərrəm İncə partiya daxilində rəqibi Kılıçdaroğluna ciddi təhlükə yaratmır. Çünki qurultay üzvləri birbaşa partiya sədri tərəfindən seçilir, siyahını Kılıçdaroğlu təsdiqləyir”. 

Siyasi şərhçi hesab edir ki, İncə CHP-dən ayrılarsa, onun yüksəlmək şansı daha çox olar:

“İncə partiyada qalmağın perspektiv üçün uğurlu olmadığını bilir. Çox güman ki, qurultaydan sonra ciddi əsaslar ortaya qoymaqla partiyadan ayrılacaq və yeni siyasi təşkilat quracaq. Partiyadakı demokratiya tərəfdarlarının, Kılıçdaroğlu və məğlubiyyət sindromundan bezən şəxslərin İncənin ətrafında toplaşacağı da sirr deyil.

Nəzərə alaq ki, İncə prezident seçkisində Ərdoğana rəqib olub və 31 faiz səs toplayıb. İndiyə qədər Kılıçdaroğlunun rəhbərlik etdiyi partiya təkbaşına bu qədər səs yığa bilməyib. İncənin Türkiyə cəmiyyətində səs qazanmaq potensialı mövcuddur”.