Şoyqunun zəngi ! - “...İstəyir ki, prosesləri pozsun” - Riyakarlıq ! 

“Düşünmürəm ki, Şoyqu bu zəngi ilə Azərbaycan və Ermənistanı eyniləşdirir”

“Amma hər kəsə bəllidir ki, ermənilər humanitar atəşkəs qaydalarını pozurlar. Gəncədəki dağıntılarla bağlı foto və videogörüntülər var” 

“Rusiya Prezidentinin bəyanatı var ki, Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparır”

“Bu bəyanat o deməkdir ki, ölkəmiz hazırda ermənilərin qanunsuz fəaliyyətinə qarşı mübarizə aparır”


Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Ermənistanın müdafiə naziri David Tonoyanla telefon danışığı olub. Müzakirə zamanı S.Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.

Məlumdur ki, humanitar atəşkəs qaydalarını pozan tərəf  Ermənistandır. Düşmənin oktyabrın 11-də Gəncədə törətdiyi qətliam bunun əyani sübutudur.

Rusiyalı nazirin isə telefon danışığı zamanı Ermənistanla bərabər Azərbaycana da çağırış etməsi absurddur. Qaydaları pozan, mülki əhalini raket atəşinə tutan, beynəlxalq qanunlara məhəl qoymayan tərəf  Ermənistandır.

Lakin Rusiya qaydalara riayət etmək üçün Azərbaycana çağırış edir. Bu, bir növ Rusiyanın Azərbaycanı Ermənistanla eyni tərəzinin gözünə qoyması deməkdir.



Rusiyalı nazirin zəngini “Sherg.az”a dəyərləndirən BDU-nun Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, dosent Fərhad Hüseynov bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı görüşdə bir gözləntisi olub. Bu da humanitar atəşkəsin elan olunması idi. Ekspertin qənaətincə, əslində humanitar atəşkəs Azərbaycan diplomatiyasının uğurudur:

“Yəni əsas o idi ki, üçtərəfli görüşdən sonra yenə də baza prinsipləri əsasında danışıqların davamı və formatın dəyişməməsi qeyd olundu. Çünki baza prinsipləri deyiləndə ərazi bütövlüyünün bərpası nəzərdə tutulur.

Cənab Prezident də çıxışında qeyd etdi ki, humanitar atəşkəs Ermənistana verilən ikinci şansdır. Ermənistan bu şansdan bəhrələnib öz addımlarını sülhə yönəltməlidir. Təəssüf ki, düşmən bu tarixi şansdan istifadə etmir və istəyir ki, prosesləri pozsun”.

F.Hüseynov S.Şoyqunun zənginin formal xarakter daşıdığını düşünür:

“Düşünmürəm ki, Şoyqu bu zəngi ilə Azərbaycan və Ermənistanı eyniləşdirir. Amma telefonda danışılanların konkret sitati ilə tanış deyilik. 
Hər kəsə bəllidir ki, ermənilər humanitar atəşkəs qaydalarını pozurlar. Gəncədəki dağıntılarla bağlı foto və videogörüntülər var. 

Rusiya Prezidentinin bəyanatı var ki, Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparır. Bu bəyanat o deməkdir ki, ölkəmiz hazırda ermənilərin qanunsuz fəaliyyətinə qarşı mübarizə aparır”.