“Azad olunmuş ərazilərdə anti-terror əməliyyatı aparılsın” – Güzəşt olmaz !

“Bu prosesin aparılması rəsmən elan edilməlidir”

“Nə Rusiya sülhməramlı qüvvələrinə, nə də Ermənistana güzəşt etmək olar”

“Erməni silahlı tör-töküntülərin terrorçu dəstələr elan edilməsindən sonra Rusiya sülhməramlı qüvvələrinin onları müdafiə etmək şansı qalmayacaq”

 “Çünki bu halda  Rusiya sülhməramlı qüvvələri  terrorizm fəaliyyətini dəstəkləyən mərkəz durumuna düşə bilərlər”


Son vaxtlar işğalçı Ermənistan ard-arda bir neçə dəfə fiaskoya uğradı. Hərb meydanındakı məğlubiyyəti, daxildəki xaos, baş nazir Nikol Paşinyanın istefaya çağırılması, artıq ənənəvi havadarlarının belə ondan üz döndərməsi bu ölkə ciddi siqnal olmalı idi. Amma rəsmi İrəvan “suya düşən saman çöpündən” yapışar deyib, elə hey vurnuxur. Nəticədə çırpınarkən dalğalandırdığı suyun altında boğulan da özü olur.

Məlum olduğu kimi, işğalçı ölkə 10 noyabr bəyanatının şərtlərinə məl etmədi. Hadrutdakı hərbi təxribatla kifayətlənməyən düşmən, eyni zamanda informasiya müharibəsində müəyyən həmlələr etməyə çalışır. Belə ki, erməni KİV-i Qarabağdakı Azərbaycan hərbçiləri ilə rus sülhməramlıları arasında münaqişə yaratmaqdan ötrü jurnalistikanın bütün prinsiplərini pozaraq ard-arda saxta xəbərlər yayırlar.  İxtisasca jurnalist olan Paşinyan belə saxtakar, səriştəsiz, bütün fəaliyyəti yalan üzərində qurulan baş nazirdirsə, digərlərindən nə gözləyəsən?!



Siyasi analitik Elçin Xalidbəyli rəsmi İrəvanın növbəti “vurnuxma cəhdi”ni “Sherg.az”a təhlil edərkən bildirib ki, Ermənistan heç bir zaman təkbaşına nəyəsə nail ola bilməyib. Qəbilə səviyyəsində olan bu ölkə həmişə başqalarından imdad umub:

“Erməni hərbi cinayətkar Samvel Babayan da bir neçə gün əvvəl müsahibəsində həmin reallığı etiraf edib. O, bildirib ki, başqalarına ümid bəsləmək, dəstək gözləmək ermənilərin tarixi problemidir. Xatırlayırsınızsa, 44 günlük savaş dövründə də Ermənistan Rusiyanı Azərbaycanla silahlı münaqişəyə cəlb etmək üçün əlindən gələni etdi. Ancaq rəsmi Bakının təmkinli mövqeyi sayəsində Ermənistanın Azərbaycanı Rusiya ilə toqquşdurmaq niyyəti baş tutmadı. İndi düşmənin təxminən eyni ssenarini işğaldan azad olunmuş ərazilərdə reallaşdırmağa çalışması qətiyyən təəccüblü deyil. Silahlı ermənilər işğaldan azad olunmuş ərazilərdə müxtəlif terror aktları və təxribatlar törədirlər. Əsas hədəfləri odur ki, bu təxribatlara həm Azərbaycan tərəfi, həm rus sülhməramlı qüvvələri reaksiya versinlər. Nəticədə Azərbaycan ordusu və Rusiya sülhməramlı qüvvələri arasında müəyyən ziddiyyətlər yaransın, sonra isə qarşıdurmaya çevrilsin”.

E.Xalidbəylinin fikrincə, Hadrutdakı provokasiya da məhz bu qəbildəndir: 

“Onu da qeyd edək ki, ermənilərin bu ssenarisi bir neçə gün öncə, az qala, reallığa çevriləcəkdi. Çünki Rusiya sülhməramlı qüvvələrinin erməni terrorçuların təxribatlarına üç ölkə arasında imzalanmış 10 noyabr bəyannaməsinin şərtlərini kobud şəkildə pozmaqla reaksiya verməsi təhlükəli situasiya yaratmışdı.

Xəritə qalmaqalı isə bu prosesdə böhrana yol aça bilərdi. Lakin rəsmi Bakının məsələyə dərhal adekvat və sərt reaksiya verməsi qalmaqalın böyüməsinə imkan vermədi. Rusiya sülhməramlı qüvvələrinə səlahiyyət çərçivələri açıq şəkildə xatırladıldı və bəyannamənin şərtlərinin pozulmasının Rusiyanın maraqlarına zərbə vura biləcəyi vurğulandı. Beləliklə, problem həll edildi”.

Ekspert gələcəkdə ehtimal olunan insidentlərin qarşısını necə almaq lazım olduğunu da deyib: 

“Belə olayların təkrarlanmaması üçün biz öz prinsipial mövqeyimizdə israr etməliyik. Nə Rusiya sülhməramlı qüvvələrinə, nə də Ermənistana güzəşt etmək olar.

Hər kəsə öz yerini göstərmək lazımdır! Ermənilərin belə təxribatların törədilməsinə bundan sonra da davam edəcəkləri qətiyyən şübhə doğurmur. Zəfər Paradında Türkiyəyə ayrılmış strateji ortaq rol Rusiyanı da narahat edib. Ona görə də Azərbaycanın Rusiyaya güvənmədən yoluna davam etməsi lazımdır. Savaş bitib, Ermənistan ordusu darmadağın edilib.

Bundan sonra işğaldan azad olunmuş ərazilərdə qalan silahlı erməni tör-töküntülərinin qeyri-qanuni silahlı dəstələr, terrorçu qruplaşmalar yaratdığı və onlara qarşı anti-terror əməliyyatlarının olacağı rəsmən elan edilməlidir. Erməni silahlı tör-töküntülərin terrorçu dəstələr elan edilməsindən sonra Rusiya sülhməramlı qüvvələrinin onları müdafiə etmək şansı qalmayacaq.

Çünki bu halda  Rusiya sülhməramlı qüvvələri işğaldan azad olunmuş ərazilərdə terrorizm fəaliyyətini dəstəkləyən mərkəz durumuna düşə bilərlər”.