Amerika özünü ifşa edir ! - “Türkiyənin S-400 alması ABŞ-a təhlükə yaratmır”

“Ona qalsa, Yunanıstan S-300-ləri çoxdan əldə edib və quraşdırıb”

“Nə üçün Yunanıstan Amerika və NATO ölkələrinə təhlükə yaratmır, amma Türkiyənin S-400-ləri təhülkədir?”

“Əsas məqsəd  Türkiyənin regionda və dünyada böyük nüfuz sahibi olmasının qarşısını almaqdır”


ABŞ Dövlət Katibi Mayk Pompeo ilə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. M.Pompeo danışıq zamanı Türkiyənin əldə etdiyi S-400 komplekslərinin ABŞ ordusunu təhlükə altına aldığını deyib. ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd edilib:

“Dövlət katibi Pompeo Türkiyə Xarici işlər naziri Çavuşoğluna S-400-lərin alınmasının ABŞ əsgərlərinin təhlükəsizliyini və hərbi texnologiyalarını təhlükə altına qoymasını və eyni zamanda, Rusiyanın Türkiyənin silahlı qüvvələrinə və müdafiə sənayesinə çıxışını təmin etdiyini açıq şəkildə bildirdi”.
Bəyanatın mətnində yazılır ki, Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların məqsədi “Rusiyanın gəlirinin, girişinin (Türkiyə müdafiə sənayesinə) və təsirinin qarşısını almaqdır”. Departamentdən bildiriblər ki, məhdudlaşdırıcı tədbirlər Türkiyənin və ya ABŞ-ın hər hansı digər müttəfiqinin və ya ortağının hərbi potensialını pozmaq məqsədi daşımır.

Çox güman ki, qardaş ölkənin geosiyasi məkanda güclənməsi və söz sahibi olması ABŞ-ı narahat edir. Hər iki ölkə arasında münasibətlərin gərginləşməsi, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar da bunun göstəricisidir. Məlumdur ki, Türkiyə nə vaxtsa Amerika üçün təhlükə yaratmayıb. Belə olan halda ABŞ-ın qardaş ölkəni “təhlükə” adlandırması sadəcə absurddur. 

Prosesləri “Sherg.az”a şərh edən Bakı Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, geosiyasət və konfliktologiya üzrə dosent Kərəm Məmmədov bildirib ki, ABŞ Türkiyənin S-400-ləri almasını sadəcə bəhanə edərək təhlükə adlandırır.

Onun sözlərinə görə, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar, irad və ittihamların kökündə tamamilə başqa məsələ durur:

“Türkiyə S-400-ləri almasaydı, ABŞ yenə də hansısa bəhanə uyduracaqdı. Çünki Türkiyə ABŞ-dan F-35-lərin alınmasına dair razılıq əldə etmişdi, hətta Amerikaya bir qisim  maddi vəsait də ödəmişdi. ABŞ isə məsələni yubadaraq, müxtəlif  bəhanələrlə Türkiyənin hava hücumundan müdafiə sistemini qurmaması üçün əlindən gələni edirdi. 

Qardaş ölkə isə haqlı olaraq təhlükəsizliyini təmin etmək üçün başqa vasitələrə əl atdı. Rusiya ilə razılaşaraq S-400-ləri əldə etdi. Bundan sonra Amerika və Avropanın Türkiyəyə təzyiqləri genişləndi. Təzyiqlərin əsas səbəbi Amerikaya ola biləcək təhlükə deyil. Bu, sadəcə bir cəfəngiyatdır”.

K.Məmmədov vurğulayıb ki, S-400-lərin Türkiyə ərazisində quraşdırılmasının ABŞ üçün hansısa təhlükəsi yoxdur:

“Ona qalsa, Yunanıstan S-300-ləri çoxdan əldə edib və quraşdırıb. Nə üçün Yunanıstan Amerika və NATO ölkələrinə təhlükə yaratmır, amma Türkiyənin S-400-ləri təhülkədir? Bu, sadəcə gülünc bir bəhanədir. Əsas məqsəd  Türkiyənin regionda və dünyada böyük nüfuz sahibi olmasının qarşısını almaqdır. Türkiyə son illər ərzində, əsasən də Ərdoğanın dönəmində müstəqil addımlar atıb. Artıq Amerikanın qarşısında öz sözünü deyən dövlət var. Amerika, Qərb və NATO-nun əsas məqsədi odur ki, Türkiyə güclü dövlət olmasın. Onlar 1990-cı illər və ondan əvvəlki dönəmin “ələ baxan”, Qərbin dedikəri ilə oturub-duran Türkiyə istəyirlər”.

Dosent qeyd edib ki, Amerika qardaş ölkəyə sanksiya tətbiq etməklə sadəcə özünü ifşa edir:

“Bir tərəfdən deyirlər ki, müttəfiqik, digər tərəfdən ədalətsiz sanksiyalar tətbiq edirlər. Amerika və Qərb hara gedibsə, orada qan tökülüb, ədalətsizlik hökm sürüb. Bu da dünya ictimaiyyətini narahat edir. Lakin Türkiyə hər zaman haqlının tərəfində olub. Qardaş ölkənin bu addımı isə dünyada rəğbətlə qarşılanır, qərb isə bunu istəmir. Necə olur ki, Türkiyə və Yunanıstan Avropa İttifaqına üzvlük üçün eyni vaxtda müraciət ediblər, hələ də Türkiyəni yaxın qoymurlar və hər dəfə müxtəlif bəhanələr gətirirlər. Əminəm ki, qardaş ölkə bütün maneləri dəf edəcək və ABŞ-ın tətbiq etdiyi sanksiyaların hər hansı bir faydası olmayacaq”.