Artıq əməli addımlar atılır

Rac Bəşirov Xankəndi və Xocalı şəhərləri icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub

"Müəyyən müddət sonra Qarabağın dağlıq ərazilərinin idarəsi tamamilə Azərbaycanın yurisdiksiyasına keçəcək"

29 ildən sonra ilk dəfə Xankəndidə rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib. Artıq Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinlərinin müraciət edə biləcəkləri hüquq orqanı var. Ədliyyə nazirinin əmrinə əsasən, Rac Bəşirov Xankəndi və Xocalı şəhərləri icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir. Yaxın günlərdə strukturun Xankəndi, yaxud Xocalıya köçürüləcəyi deyilir.

Ermənilərin yaşadığı Xankəndi və ətraf bölgələrin gələcəyi, ərazilərin kimin nəzarətində olacağı ilə bağlı Azərbaycan ictimaiyyətində müəyyən narazılıq var idi. Rəsmi təyinatlardan aydın olur ki, müəyyən müddət sonra Qarabağın dağlıq ərazilərinin idarəsi tamamilə Azərbaycanın yurisdiksiyasına keçəcək. 

Mühüm təyinatla bağlı “Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı bildirib ki, 44 günlük Vətən müharibəsinin qalibi qeyd-şərtsiz Azərbaycandır. QAT sədri deyib ki, 10 noyabr Bəyannaməsinə əsasən, bütün ərazilərimizin idarəetməsinin rəsmi Bakıya tabe olacağı bəlli idi. Amma ötən müddət ərzində erməni silahlılarının müqaviməti, ərazidən çıxmaması, Rusiya sülhməramlılarının tərəfli mövqe sərgiləməsi Xankəndi və ətraf bölgələrlə bağlı haqlı narahatlıq və narazılıq yaradırdı:

“Rəsmi qurumlar tərəfindən təyinatların olması, Qarabağın dağlıq rayonlarında Azərbaycanın dövlət strukturlarının şöbələrinin yaradılması əhalinin təşvişini aradan qaldırır.

Ədliyyə Nazirliyinin təyinatı prosesin başlanğıcıdır. Artıq əməli addımlar atılır və real iş görülür.

Mümkün qədər vəzifə təyinatlarını tezləşdirmək lazımdır. İlk növbədə güc strukturlarının Qarabağın hər rayonu üzrə köçürülməsini təmin etməliyik. Əksər rayonlar üzrə dövlət strukturları artıq mövcuddur və Bakıda, digər rayonlarda uzun illərdir fəaliyyət göstərirlər.

Hər gün bir dövlət orqanının müvafiq şöbəsi Qarabağda fəaliyyətə başlamalıdır. Cəmiyyəti tamamilə arxayınlaşdırmaq üçün proses davamlı və ardıcıl aparılımalıdır.

Həm də vaxtında rəsmi informasiyalar verilməlidir ki, insanlar boş-boşuna panika yaşamasın. Paralel olaraq dövlət qurumları ilə yanaşı, əhalinin köçü də təmin olunmalıdır”.