Prezident iqtidar-müxalifət dialoqunun inkişafında maraqlıdır -Partiya sədri  

Siyasi dialoq təşəbbüslərinin mövcudluğu iqtidar üçün qarşıdakı dövrdə də əhəmiyyətli məsələ olacaq


“Prezident şəxsən özü Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafına dərindən maraq göstərir”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 



Dövlət başçının müşavirədə partiyalar və siyasi həmrəylik barəsində söylədiklərinə münasibət bildirən partiya rəhbərinin sözlərinə görə, proseslər göstərir ki, siyasi dialoq təşəbbüslərinin mövcudluğu iqtidar üçün qarşıdakı dövrdə də əhəmiyyətli məsələ olacaq: 

“Müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir. Belə ki, cənab Prezident çıxışında ölkəmiz üçün prioritet məsələlər sırasında dialoq, partiyaların qeydiyyatı, siyasi qüvvələrin Vətən Müharibəsi zamanı həmrəylik nümayiş etdirməsinə toxundu. Dövlət başçısı hazırda ölkəmizdə geniş spektrli siyasi dialoq mühitinin tam formalaşdığını qeyd etdi. Bunu yüksək qiymətləndirdiyini vurğuladı. Ölkə rəhbəri çıxışında yeni siyasi konfiqurasiyanın təşəkkül tapması, müxalifət partiyalarının əksəriyyətinin hakimiyyətin siyasi dialoq təşəbbüsünə müsbət yanaşması barədə fikirlərini bölüşdü. Eyni zamanda siyasi partiyaların qeydiyyatı ilə bağlı süni əngəllərin mövcudluğu məsələsini gündəmə gətirdi. Bildirdi ki, bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verib. İndi partiyaların qeydiyyata alınması üçün əlverişli və şəffaf şərait yaradılıb. Nəticədə son bir ildə yeni partiyalar qeydiyyatdan keçib. Süründürməçiliklə üzləşən bir sıra partiyaların da qeydiyyat məsələsi müsbət həllini tapıb. Həmçinin, siyasi partiyalara dövlət tərəfindən mənzil-qərargahların verilməsi prosesi başlayıb”. 

Ə.Hüseynov vurğulayıb ki, ölkədə yeni siyasi ənənələr formalaşır, iqtidarla siyasi partiyalar arasında konstruktiv, sivil münasibətlər təşəkkül tapır: 

“Əvvəlki illərdən fərqli olaraq indi siyasi partiyalar dövlət tərəfindən özlərinə qarşı diqqət və qayğıkeş münasibət göstərildiyini real olaraq hiss edir və bunu təqdir edirlər. Dövlətin və hakimiyyətin siyasi partiyalara qarşı demokratik açılım və siyasi pluralizm mövqeyindən çıxış etməsi öz növbəsində siyasi liderlər tərəfindən müsbət qarşılanır. İqtidarın atdığı bu addımlara qarşı siyasi partiyalar adekvat münasibət göstərirlər. Yalnız “Milli Şura” deyilən qurum antimilli mövqedən çıxış edir, siyasi partiyaların həmrəyliyinə qoşulmur. Amma Azərbaycan ictimaiyyəti antimilli qüvvələrə hər zaman layiqli cavab verib və verəcək”.