Azərbaycan “Böyük iyirmiliy”in toplantısına qatılacaq

Ceyhun Məmmədov: "Ölkəmizin belə bir mötəbər tədbirə dəvət olunması əbəs yerə deyil və bilavasitə qazandığımız uğurlarla əlaqəlidir"


Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək “Böyük iyirmilik” (G-20) ölkələrinin zirvə görüşünə dəvət edilib. Tədbirə eyni zamanda BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıblar. Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi görüş keçiriləcək. “G-20” qrupu çərçivəsində cari ildə İtaliyanın sədrliyi ilə “İnsanlar, Planet və Rifah” başlıqlı müzakirələr aparılacaq. Ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyulacaq.

“G- 20” dünyanı narahat edən dövrün çağırışlarını müzakirə edən beynəlxalq platformadır. Bu platformada böyük iqtisadi gücə malik və dünya iqtisadiyyatı və siyasətində yeri, rolu və söz sahibi olan ölkələr iştirak edir. Ümumilikdə “G-20” Zirvə toplantısında iştirak edən ölkələrin əhalisi dünya əhalisinin 60 faizini, iqtisadiyyatı isə dünya ÜDM-nin 80 faizini təşkil edir. Belə bir meqatəşkilata Azərbaycanın dəvət alması ölkəmizin dünyada olan nüfuzunun göstəricisi hesab olunur. İctimaiyyət nümayəndələrinin sözlərinə görə, Azərbaycan xəritədə böyük ölkə olmasa da, dünyada tutduğu mövqeyinə, iqtisadi inkişaf tempinə və beynəlxalq arenada baş verən proseslərə verdiyi töhfələrinə görə, böyük ölkələrlə bir sırada dayanır. Şübhəsiz, son dönəm yaşanan hadisələr də ölkəmizi dünya siyasətində daha böyük zirvəyə qaldırıb. 

Böyük uğurla bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, ölkəmizin nüfuzlu beynəlxalq platformaya dəvət alması Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlə bağlıdır. Parlament üzvünün sözlərinə görə, Prezident İlham Əliyev qlobal səviyyədə humanist siyasət yürüdür:

“Azərbaycan dövləti beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi önəm verir. Eyni zamanda iki və üçtərəfli, həmçinin, çoxtərəfli formatlar çərçivəsində ayrı-ayrı ölkələrlə münasibətlər qururuq. Bu, xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Yəni ölkəmizin belə bir mötəbər tədbirə dəvət olunması əbəs yerə deyil və bilavasitə qazandığımız uğurlarla əlaqəlidir. Son illər ərzində qlobal miqyasda nüfuzumuz daha da güclənib. Xarici dövlətlər Azərbaycana inanır və etibar göstərirlər. Məhz bu reallıqlar nəzərə alınaraq ölkəmiz sözügedən tədbirə dəvət edilib”.

Deputat vurğulayıb ki, 44 günlük müharibədə əldə etdiyimiz uğurlar da bu prosesdə çox mühüm rol oynayıb:

“Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərini işğaldan tamamilə qurtararaq bölgənin lider ölkəsi olduğunu sübut etdi. Qazandığımız uğurlar beynəlxalq aləm tərəfindən böyük diqqətlə izlənilir. Dünya dövlətləri Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdırlar. Görürlər ki, Azərbaycan beynəlxalq humanitar layihələrə böyük dəstək verir. Umumdünya Səhiyyə Təşkilatına maliyyə yardımının edilməsi, xeyli ölkəyə maddi kömək göstərilməsi, eləcə də müxtəlif formatlar çərçivəsində əməkdaşlıq qurmağımız bu kimi nəticələrin meydana çıxmasına səbəb olur”.