Ermənilərin yaydığı məlumatlar cəfəngiyyatdır

Azərbaycan Ordusu döyüş taktikasının gücünə düşmənə qalib gəldi

Ermənistanda yenə məğlubiyyətin günahını biri-birlərinin üstünə atdılar. Bu dəfə hədəf ölkə başçısı Paşinyanın həyat yoldaşı Anna Akopyan oldu. Rusiyanın erməni media maqnatlarından sayılan Aram Qabrielyanov açıqlamasında A.Akopyanı hər şeyi ölkə rəhbərliyinə yanlış çatdırmaqda günahlandırır: "Müharibə vaxtı orduya Paşinyanın arvadı rəhbərlik edirdi". Həmçinin, o qeyd edib ki, müdafiə ordusunun komandanlığına rəhbərlik edən Akopyan hər şeyi Nikol Paşinyana bildirir, "qalib" gəldiklərinə əminlik ifadə edirdi...

Məsələni "Şərq"ə politoloq Tofiq Abbasov şərh edib:

"Ermənistanda yayılan bu kimi xəbərlərin bir qayəsi var. Onlar çalışırlar ki, Azərbaycanın haqlı qalibiyyətinin qiymətini aşağı salsınlar. Guya, Azərbaycan ordusu ermənilərin içdən olan satqınlığı hesabına qalib gəlib. Bu, cəfəngiyyatdır və inandırıcı deyil. 
Cəbhə xətti boyu bütün ərazilərdə qanlı döyüşlər gedib. Azərbaycan ordusunun döyüş taktikası güclü olduğundan, həm də uçan aparatların hesabına biz onları tərksilah etdik. Yəni onlar istəsələr də yer üzərində heç bir şey edə bilməyəcəkdilər. 

Bildiyiniz kimi onlar yerin altında istehkamlar qazıb bunkerlər düzəltmişdiər və s. Amma Azərbaycan isə havanı öz ixtiyarına almaqla onları darmadağın etdi". 

Politoloq A.Qabrielyanovun açıqlamasında iki məqsəd güddüyünü qeyd edib: "Qabrielyanov özü erməni təbliğatının öncüllərindən biridir. Hətta o, Paşinyan hakimiyyətinə qarşı çox sərt çıxışlar edir. 

Demək istəyirəm ki, onların dediklərinin həqiqətlə heç bir əlaqəsi yoxdur və uydurmalardan ibarətdir. Bununla onlar çalışırlar ki, ilk olaraq Paşinyan və onun hakimiyyəti ilə haqq-hesab çürütsünlər, digər tərəfdən də Azərbaycanın qalibiyyətinə kölgə salsınlar. Lakin belə şeylər keçən deyil. Bu gün bütün dünya Azərbaycanın qalibiyyətini qəbul etdi və bildirdi ki, ordumuz əsk-hücum edərək öz torpaqlarının azad olunmasına nail olub". 

Ağarza Elçinoğlu