ABŞ və Avropa terror təşkilatlarını himayə edir

Məqsəd Türkiyəni zəiflətmək, təzyiq göstərməkdir

PKK məhv edildikdən sonra yeni bir radikal qüvvə yetişdirəcəklər


Türkiyə Ordusunun İraqın şimalındakı Gara bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində sağ ələ keçirilən PKK terrorçuları dindirmə zamanı terror təşkilatının xarici dəstəyi haqda vacib məlumatlar veriblər. Xatırladaq ki, bir neçə gün öncə Türkiyə xüsusi təyinatlıları ilk dəfə Gara bölgəsində əməliyyat keçirərək, PKK-nın əsas təlim düşərgələrini, silah-sursat anbarlarını məhv edib. Əməliyyat nəticəsində 50-dən çox terrorçu məhv edilib, 10-dan artıq terrorçu isə sağ ələ keçirilib.

Sağ ələ keçirilən terrorçulardan biri dindirilmə zamanı şok faktlar açıqlayıb. Terrorçu etiraf edib ki, Türkiyə silahlı qüvvələri İraqın şimalında əməliyyat həyata keçirməzdən əvvəl iki ölkə - Rusiya və ABŞ vurulacaq nöqtələri 30 dəqiqə əvvəldən PKK-ya xəbər verib. Həmçinin, PKK-nın Fransa, ABŞ və Suriya kəşfiyyatı ilə də əlaqələrinin olduğunu söyləyib: “Amerika PKK-ya buldozerlər, ekskovatorlar, yük maşınları və zirehli maşınlar verir. Fransa isə pilotsuz təyyarələrlə havadan əldə etdiyi görüntü və koordinatları PKK-ya ötürür”. 

Başqa bir terrorçu isə deyib ki, Vaşinqton PKK liderlərini qorumaq üçün öz hərbi personalını ayırıb. Ələ keçirilən terrorçunun dediyinə görə, “Bahoz Erdal” ləqəbli PKK liderinin cangüdənlərindən 8-i amerikan əsgəri olub.

Terrorçu Liviyada hakimiyyəti qanunsuz yollarla ələ keçirməyə cəhd edən qiyamçı Haftarın da Türkiyəyə qarşı PKK-dan istifadə etmək istədiyini vurğulayıb. Adı açıqlanmayan terrorçu Ermənistana dəstək üçün Qarabağa PKK terrorçularının göndərildiyini də etiraf edib. Məlumat üçün bildirək ki, Qarabağda 44 günlük hərbi əməliyyatların başlanması ərəfəsində Ermənistanın bölgəyə İraq və Suriyadan terrorçular gətirdiyi haqda kifayət qədər ciddi məlumatlar yayılmışdı. 

Azərbaycan Demokrat Partiyasının sədri, politoloq Sərdar Cəlaloğlu “Şərq”ə açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycana düşmənçilik mövqeyində dayanan bütün ölkələr zaman-zaman PKK-dan faydalanıblar. Partiya rəhbərinin sözlərinə görə, terrorçuların etirafında adı çəkilən Qərb ölkələri Türkiyə ilə düşmən münasibətdədir:

“Əlbəttə, PKK kimi terrorçu qruplaşmaya arxa çıxmaq, maliyyə və hərbi-lojistik dəstək göstərmək heç də kürd toplumunun dərdinə yanmaq, onların hansısa problemindən narahat olmaq anlamına gəlmir. Əsasən, Qərb dövlətləri PKK-nı terror təşkilatı olaraq qəbul etməkdən imtina edərək, kürd xalqının “hərbi-siyasi təşkilatı” kimi sırımağa çalışırlar.

ABŞ və Avropa dövlətlərini, o cümlədən Rusiyanı kürdlər qətiyyən maraqlandırmır. Onların əsas qayəsi Türkiyəni zəiflətmək, təzyiq göstərmək, ölkəni parçalamaqdır. Bu məqsədlə PKK-dan, İŞİD-dən, yeri gələndə isə FETÖ-dən yararlanırlar. PKK da onların əlində olan alətlərdən biridir”. 

S.Cəlaloğlu bildirib ki, PKK ilk başda sovet Rusiyasının nəzarətində olsa da, sonra ABŞ-ın və Avropanın himayəsinə keçib:

“Əgər nə vaxtsa, ABŞ və Avropa ölkələri PKK-dan imtina etsə, hansısa ərəb dövləti terrorçulara dəstək verəcək. Yəni PKK alət kimi qalacaq. Ona görə də bu terrorçu qruplaşmanı tamamilə məhv etmək lazımdır ki, başqa dövlətlər bu alətə ehtiyac duymasınlar. Əslində kürd toplumu da başa düşür ki, terrorçu təşkilat xalqın maraqlarını, hüquqlarını qorumur. PKK kürdlərdən qurbanlıq kimi istifadə edir.

Terrorçuların başçıları milyardlarla pul qazandıqları üçün bu çirkin oyunu sürdürməkdə maraqlıdırlar. Hətta bəzi hallarda özlərinin həbsinə də imkan yaradırlar ki, hay-küy salaraq himayədarlarından pul qopartsınlar. Ankara hökuməti terrorçuların niyyətini çox yaxşı bilir. Artıq PKK güclü Türkiyə üçün ciddi təhlükə sayılmır. Çox güman ki, tezliklə tamamilə sıradan çıxacaq.

Amma bu o demək deyil ki, Türkiyəyə düşmən olan dövlətlər başqa bir radikal qüvvəni yetişdirib meydana sürməyəcəklər”.