“Onun bütün hərəkətləri üçtərəfli müqavilənin şərtlərinə ziddir”
“Rusiyanın sülhməramlı olmaqdan başqa quruculuq işləri aparmaq ixtiyarı yoxdur”
Sülhməramlı qüvvələr missiyalarını deyəsən, fərqli yöndə yerinə yetirirlər. Belə ki, ruslar Azərbaycanın torpaqlarına tonlarla yük daşıyır. Təzəlikcə, sülhməramlılar Kəlbəcər rayonuna 25 yük avtomobilindən ibarət 180 ton yükün çatdırılmasını təmin edib.
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib. Lakin Rusiya tərəfinin azad edilmiş ərazilərə mütəmadi yüklər daşıması əndişə doğurur.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu açıqlamasında bildirib ki, Rusiya yalnız sülhməramlı kimi duruma nəzarət etməlidir:
"Rusiya 44 günlük müharibənin məğlubiyyətinə görə Ermənistana "xeyirxah jestlər" edir. Onun bütün hərəkətləri üçtərəfli müqavilənin şərtlərinə ziddir. Rusiyanın sülhməramlı olmaqdan başqa quruculuq işləri aparmaq ixtiyarı yoxdur.
Rus tərəfi öz bildiyini edir. Sülhməramlı qüvvələr humanitar təşkilat deyil, yalnız nəzarətçi qüvvə kimi çıxış etməlidir".