İranlı jurnalistdən provokativ sual: Dövlət maraqlarından çıxış edirdi? – Çətinə düşdü !  

“İranlılar müharibədən əvvəl ermənilərlə eyni millətdən olduqlarını deyirdilər”

“Uzun illər Ermənistanla  iqtisadi əlaqələr yaratmaları İranın Azərbaycanın güclənməsində marağı yoxdur"


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev  mətbuat konfransı keçirib. Tədbir zamanı  ölkə başçısı təxminən 4 saat ərzində Azərbaycan, Rus, İngilis, Türk dillərində 35 media qurumu jurnalistinin 50-dən artıq sualını cavablandırıb.
İranın "Mehr" agentliyinin jurnalistinin sualı prezidentin iradına səbəb olub. İranlı jurnalist İkinci Qarabağ Müharibəsində terrorçu qrupların olması barədə sual verib. 

İlham Əliyevin cavabı belə olub: “Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Siz terrorçu qruplardan danışdınız, hansı məlumatlara istinad edirsiniz, hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir?”.

Jurnalist çətin vəziyyətə düşərək deyib:

“Müxtəlif ölkələrin xəbər agentlikləri bu barədə yazırdılar. İcazənizlə onların adını sadalamayım”.
Prezident isə qeyd edib: “Sizin sualınız ittiham formasındadır. Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edilməlidir. Siz mənə dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız”.
Jurnalist daha da çətin duruma düşüb və “gəlin ikinci sualıma cavaba keçək”.

İlham Əliyev isə deyib:

“Mən hesab edirəm ki, siz özünüz birinci sualınıza cavab verdiniz. Elə hesabatlar, məlumatlar yoxdur ki, müharibə zamanı hər hansı terrorçu qrup iştirak edib. Bunlar uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir. Bizim Ordumuz torpaqlarımızı işğaldan azad edib”.



Məlum vəziyyətlə bağlı “Sherg.az”a danışan  Azərbaycan Demokratik Partiyasının(ADP) sədri  Sərdar Cəlaloğlu "Sherg.az"a açıqlamasında deyib ki, qələbə çaldığımıza görə İran bizə meyllənib:

"İran Türkiyə kimi həqiqi, səmimi qardaş dövlət deyil ki... Bəzən  İranın maraqları Azərbaycanla ziddiyət təşkil edir, bəzən də Ermənistanla yaxınlıq etməyi daha uyğun hesab edirlər. Hər bir jurnalist öz dövlət maraqlarından çıxış edir. O da dövlət maraqlarından çıxış edərək belə münasibət bildirir. 
 
S.Cəlaloğu əlavə edib ki, iranlılar müharibədən əvvəl ermənilərlə eyni millətdən olduqlarını deyirdilər:

" Faktiki olaraq qələbə qazanmışıq, dünyada nüfuzumuz artıb. Uzun illər Ermənistanla  iqtisadi əlaqələr yaratmaları, hərbi cəhətdən də təsir etmələri  göstərir ki, İranın Azərbaycanın güclənməsində marağı yoxdur".