Ermənilər yeni müharibədən qorxur

"Sarkisyan kiminlə birləşir-birləşsin, seçkilərdə ona köməyi olmayacaq"

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək. Partiyasının İcraiyyə Komitəsinin iclasında çıxış edən Sarkisyan bildirib ki, seçkilərə sabiq Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyanın partiyası ilə birgə qatılmaq qərarı alıb. Onun fikrincə, bu, indiki məqamda ən düzgün addımdır. Sarkisyan tərəfdarlarına seçkilərin bütün detallarını Vanetsyanla müzakirə etdiyini də söyləyib.

Görünən odur ki, seçkiyə hazırlıq prosesi çərçivəsində müxalifət öz gücünü mümkün qədər birləşdirməyə çalışır. Məqsəd müxalifətdən səs və reytinq baxımından daha güclü olan baş nazir Nikol Paşinyanı seçkidə məğlub etməkdir. Lakin ekspertlərə görə, Ermənistan müxalifətinin tam birləşməsi mümkün deyil, hətta qarşıdakı günlərdə parçalanmaların olması qaçılmazdır. 

Ermənistanda cərəyan edən prosesləri “Şərq”ə təhlil edən politoloq Azər Qasımov bildirib ki, Paşinyana qarşı Sarkisyan və digər müxaliflərin birləşmə cəhdi məcburiyyət və bir az da ümidsizlikdən doğan haldır. Siyasi şərhçiyə görə, illərlə hakimiyyətdə olan “Qarabağ klanı”nın üzvləri 44 günlük müharibədən sonra Paşinyanı suçlayaraq xal qazanmağa çalışsa da, əksinə, daha da dibə düşdülər:

“Xalqın müxalifətə nifrəti Sarkisyanı çox narahat edir və özünə müttəfiqlər axtarır. Erməni cəmiyyəti yeni müharibədən qorxur və bir daha Qarabağ avantürasına cəlb olunmaq istəmir. Sarkisyan kiminlə birləşir-birləşsin, seçkilərdə ona köməyi olmayacaq. Paşinyan 44 günlük müharibədən sonra erməni xalqının xəstə təfəkkürlü istəklərini bütünlüklə məhv etdi və əslində onları real həyata qaytardı. Ermənilərə mövcud həqiqətləri məğlub olmaqla göstərdi. Əslində Nikol Paşinyan müharibədən qabaq parlamentdə çıxışı zamanı münaqişənin sülhlə həlli üçün ictimaiyyətə, ölkənin siyasi elitasına müraciət etmişdi. Lakin müxalif qüvvələr bunu rədd etmiş və baş naziri xainliklə suçlamışdı”. 

Analitik vurğulayıb ki, Azərbaycanın qələbəsi erməni ideologiyasına elə bir zərbə vurdu ki, onlar yüzillik yuxudan ayıldılar:

“Seçkilərə istər Sarkisyan, istərsə də Koçaryan bütün müxalifətlə birgə qatılsa belə Paşinyanın qələbə ehtimalı yüksəkdir. Ola bilsin, baş nazir Rusiyanın təkidi ilə hansısa rusyönlü siyasətçini vəzifəyə gətirsin. Ancaq Moskva da Paşinyanın erməni cəmiyyətindəki nüfuzunu bildiyi üçün onunla bütün məsələləri razılaşdırmağa məcbur olacaq”.