Qırğızıstan inkişafdan qalmaq istəmir

Türk dövlətlərindən ölkəmizə səfərlərin sayı artıb

"Zəngəzur dəhlizinin istifadəyə verilməsi Mərkəzi Asiya respublikaları üçün də geniş prioritetlər formalaşdırır"


Qırğızıstanın Xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycana səfər edib. Səfər çərçivəsində nazir azərbaycanlı həmkarı ilə mətbuat konfransı keçirib. Konfransda çıxış edən nazir bildirib ki, Qırğızıstan Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərindən istifadədə maraqlıdır. O qeyd edib ki, Qırğızıstan Mərkəzi Asiya-Cənubi Qafqaz regionlararası platformasının yaradılmasını təklif edir: "Strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının vaxtı çatıb. Biz yaxın perspektivdə 5+3 formatında Mərkəzi Asiya-Cənubi Qafqaz regionlararası platformasının yaradılmasını təklif edirik. Biz, həmçinin Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında müasir münasibətlərin əsasını beynəlxalq miqyasda görkəmli şəxsiyyət, müasir Azərbaycanın qurucusu Heydər Əliyev qoyub". 

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib ki, Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əlaqələri intensiv surətdə inkişaf etməkdə davam edir. O vurğulayıb ki, bu əlaqələr günbəgün geniş xarakter alır:

"Bildiyimiz kimi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionları arasında platformanın yaradılması da təklif olunur.  Qeyd edim ki, Azərbaycanın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan ilə yaxşı münasibətləri var. Bu dövlətlərin əksəriyyəti türkdilli dövlətlərdir. İkitərəfli münasibətlərlə yanaşı Türk Şurası kontekstində də münasibətlər formalaşmışdır. Və bu təşkilat türkdilli dövlətləri  etnik milli, dini-mənəvi bağlarla yanaşı, həm də siyasi, iqtisadi, hərbi, ideoloji, mədəni müstəvidə də birləşdirmək imkanına malikdir. Və bu təşkilatın  geniş imkanlarından gələcəkdə də istifadə olunacaq. Digər önəmli xüsus da ondan ibarətdir ki, hazırda iqtisadi sahədə priotitetlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycanın da geniş strateji geo imkanlarından istifadə etməklə, Qərbə nəqli nəzərdə tutulur. Bu istiqamətdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi Mərkəzi Asiya respublikaları üçün də geniş prioritetlər formalaşdırır. Buna görə də artıq Mərkəzi Asiya dövlətlərinin müxtəlif rəsmilərinin ölkəmizə səfərləri müşahidə olunur". 

İ.Hüseynov vurğulayıb ki, burada digər önəmli məqam isə Vətən müharibəsindən bir müddət sonra Azərbaycan ilə Türkmənistan arasında dostluq müqaviləsinin imzalanmasıdır:

"Bu da karbohidrogen ehtiyatlarının birgə işlənməsi, mənimsənilməsi istiqamətində Azərbaycan ilə Türkmənistan arasında prioritetləri formalaşdırıb. Hazırkı dönəmdə də  Qırğızıstan ilə əlaqələrin inkişafı və bu sahədə müzakirələrin aparılması önəmli bir məsələdir".