“Son bir neçə ay ərzində İrəvanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan dövlət sərhəddində bəzi süni gərginliklər və insidentlər yaşanmaqdadır. Təbii ki, yaranmış bu gərginlik və ajiotaj təkcə region ölkələrini deyil, eyni zamanda, regional və beynəlxalq təşkilatları da narahat etməkdədir”.
Bu sözləri siyasi analitik Samir Hümbətov deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“Hər kəs vəziyyətin nədən ibarət olduğunu bilir. Həmçinin baş verən proseslərdə düşmən ölkənin xüsusi payının nə qədər çox olduğu da məlumdur. Ona görə Ermənistanın üzv olduğu təşkilatlar baş vermiş insidentlərə o qədər ciddi yanaşmamaqla yanaşı, eyni zamanda bunu böyütməyə gərək olmadığını bildirirlər. KTMT baş katibi Stanislav Zasın söylədiyi fikirlər də bu qəbildəndir. O, Ermənistan-Azərbaycan dövlət sərhəddində baş vermiş insidentlə bağlı məsələyə münasibət bildirərkən deyib ki, Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədin müəyyənləşdirilməsiylə əlaqədar olaraq situasiyanın gərginləşməsi sərhəd insidentidir və KTMT-nin kollektiv müdafiə haqqında nizamnaməsindəki müddəalara müvafiq deyil”.
Stanislav Zasın söylədiklərindən belə qənaətə gəlmək olar ki, KTMT Ermənistana izah etmək istəyir ki, sən hər ağlına gələn hadisəni törədib, bizi də həmin hadisədə səni müdafiə etməyə məcbur edə bilməzsən. Sərhədlərini pozacaq hansısa hadisə yoxdursa, “dilini şirin elə”. KTMT-yə üzv ölkələrdən Belarusiya və Qazaxıstanın Azərbaycanla sıx siyasi, strateji və iqtisadi əlaqələrinin olduğunu nəzərə alsaq, deməli, Ermənistanın belə cavablar alacağı yenə də gözləniləndir. KTMT baş katibi Stanislav Zasın Ermənistanın ümidini belə qırması onu göstərdi ki, erməni yalanları "maraqlı nağıllar" siyahısından çıxmağa başlayıb”.