“Azərbaycan və Ermənistan ikili münasibətlər kontekstinə ümid edir”

“Qarabağ münaqişəsinin 1988-ci ildən sonrakı tarixini bilənlər anlamış olmalıdırlar ki, Rusiya hər zaman situasiyanı öz xeyrinə dəyişib. Məsələn, 1994-ci il Atəşkəs razılaşması Qərbin ciddi səylərindən sonra mülayimləşmə prosesinin nəticəsi idi”.

Bu sözləri 15 terrorçunun qarşılığında 92 minlik mina xəritəsinin verilməsinə dair “Sherg.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı dedi.



Ekspertin fikrincə, baş verənlər Moskvanın imperiyalist iddialarının göstəricisidir:

"O vaxt Rusiya prosesin ciddi xarakter aldığını görüb kənarda qalmamaq üçün bölgədəki əsas rol funksiyasını işə saldı və tərəflər son razılığa MDB formatında gəldi. Bu gün də eyni proses yaşanır. Ermənistan və Azərbaycan Qərbin səyləri ilə ikitərəfli mülayimləşmə prosesinə doğru irəliləyir. Hətta ilk təcrübə də Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin erməni terrorçularla dəyişdirilməsi idi. Gürcüstan burada sadəcə Qərbin istəkləri formasında hərəkət edirdi. Beləcə Rusiya Azərbaycan və Ermənistan arasında “arabulucu” rolunu itirməmək üçün, mövcud situasiya qaydalarına uyğun yeni siyasi istiqamət götürmüş oldu. Bu isə ondan xəbər verir ki, Azərbaycan və Ermənistan tərəfləri artıq özləri ikili münasibətlər kontekstinə daha çox ümid edir, nəinki imperiyal maraq sahibi güclərin təsirlərinə...".