Ötən gün Xəzər dənizində baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi xüsusi qrup yaradıb. Bunu qurumun Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov deyib. Onun sözlərinə görə, xüsusi qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək: “Daha sonra isə ictimaiyyətə ətraflı məlumat veriləcək. Ancaq palçıq vulkanının baş verdiyi ərazidə vulkan sönmə mərhələsindədir”.
Hadisədən sonra müxtəlif təxribat iddiaları da səsləndi. Xüsusilə Xəzərdə İran hərbi gəmilərinin təlim keçməsi arqument kimi göstərildi. Bəzilərinin fikrincə isə partlayışın Bakıda keçirilən “Mustafa Kamal Atatürk-2021” birgə təlimlərindən dərhal sonra baş verməsi də təsadüf deyil. Müvafiq qurumların rəsmi açıqlamalarının üst-üstə düşməməsi isə şübhələri bir az da artırır.
Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə ehtimallarını “Sherg.az”la bölüşüb:
"Ciddi araşdırmaya ehtiyac var. Məsələ ondan ibarətdir ki, şübhələr əsassız deyil. Mingəçevirdəki hadisələr də Azəbaycanın güc nümayişindən dərhal sonra olmuşdu. Belə hallara diqqətlə yanaşmalıyıq. Hadisə iddia edildiyi kimi, təxribatdırsa, aqressora konkret xəbərdarlıq edilməlidir”.
Ə. Məmmədlinin fikrincə, provokasiyanı şimal qonşumuzun törətməsi ehtimalı daha çoxdur:
"Azərbaycanla Türkiyənin yaxınlaşması, o cümlədən tərəflər arasndakı Şuşa Bəyannməsi Rusiyanı qıcıqlandıra bilər. Moskva belə təxribatlarda təcrübəlidir. Lakin bütün hallarda rəsmi Bakı geri çəkilməli deyil. Əksinə, Ankaranın da köməyi ilə operativ cavab verilməlidir”.