Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırıb. Lukaşenko bu əmri Ukrayna ərazisindən ölkəyə xeyli sayda silah-surat keçirildiyinə görə verdiyini bildirib.
“Ukraynadan Belarusa çox sayda silah gəlir. Buna görə sərhəd qoşunlarına tapşırdım ki, Ukrayna ilə sərhədi tamamilə bağlasınlar”, - deyə Lukaşenko qeyd edib. Onun sözlərinə görə, ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvanın əli olan passiv terror hücrələri aşkar edilib.
BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov “Sherg.az”a açıqlamasında sözügedən qərarı belə şərh etdi:
“Son vaxtlar ölkədə Lukaşenko hakimiyyətini istəməyən qüvvələr var. Onların xaricdən dəstək almaq imkanları kifayət qədər çoxdur. Məhz bu məqsədlə prezident sərhədlərin bağlanması barədə əmr verib”.
S. Zahidov, həmçinin Rusiyanın da proseslərdəki mövqeyi barədə danışdı:
“Qərb, xüsusilə ABŞ regionda özünə dayaq yaratmaq niyyətindədir. Eyni ilə Gürcüstanda və Ukraynada olduğu kimi. Əlbəttə, Rusiya NATO-nun Belarusda möhkəmlənməsini istəmir. Odur ki, Lukaşenkoya təzyiq edir. Belarus prezidenti bir çox məqamlara görə Moskvadan asılı olduğu üçün rusiyalı həmkarına boyun əyir”.