Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub. Bildirilib ki, məlumat əsasında dərhal nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmov “Sherg.az”a açıqlamasında təxribat ehtimalını dəyərləndirdi:
“Əlbəttə, yanğın hava ilə əlaqədər da ola bilər. Lakin düşmən namərddir. Ermənilərin indiyədək olan əməllərini nəzərə alsaq, bu da bizə təəccüblü görünməməlidir. Ciddi araşdırmaya ehtiyac var. Provokasiya sübut olunarsa, məsələ beynəlxalq ictimaiyyət qarşısında qaldırılmalıdır. Meşələr kiminsə şəxsi sərvəti deyil. Meşələr dünya ekologiyasına töhfə verən bir sistemdir. Deməli, yanğın düşmənin əməlidirsə, o, ekoloji terror törədib. Biz bunu isbatlasaq, ermənilərin əsl üzünü hər kəsə göstərmiş olacağıq”.