Rusiya Ukraynaya qida sanksiyası tətbiq edib

Ancaq bunun ölkə iqtisadiyyatına elə də böyük təsiri olmayacaq


Rusiya hökuməti Ukraynadan gətirilməsi yasaqlanan məhsulların siyahısını artırıb. Artıq Ukrayna şəkərini, makaron məmulatlarını, yağsızlaşdırılmamış kakao pastasını, bəzi qarğıdalı və taxıl məhsullarını, müslini, ketçup və mayonezləri, hazır şorbaları, bulyonları, dondurmanı, meyvə şirələrini Rusiyaya gətirmək olmaz.

Qadağan olunmuş mallar arasında arpa, palma yağı, hazır və ya konservləşdirilmiş ət və dəniz məhsulları, qarğıdalı nişastası, jmıx və digər mal-qara yemi, meşə materialları da var. Rusiya mətbuatının yazdığına görə, Rusiya ilə Ukrayna arasındakı iqtisadi münasibətlər 2015-ci ildə, Kiyev MDB çərçivəsində azad ticarəti ləğv etdikdən və Rusiya mallarına embarqo qoyduqdan sonra pisləşməyə başlayıb. Ondan sonra sanksiya siyahısı dəfələrlə genişləndirilib. Moskvanın cavabı bəzi Ukrayna mallarına qadağa qoyulması ilə yanaşı, Rusiya ərazisindən tranziti də məhdudlaşdırıb. Rusiya qadağaları Kiyev adekvat addımlar atdıqdan sonra aradan qaldıracağını bildirib.

Politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya daim bir sıra ölkələrə qarşı belə sanksiyalar tətbiq edir.  O qeyd edib ki, Rusiyanın budəfəki hərəkəti bir az ironik vəziyyət yaradır:

"Bilirsiniz ki, Rusiya qida ilə bağlı bir sıra ölkələrə qarşı da belə bir addım atıb. Bu dəfə isə Ukraynaya qarşı tətbiq elədi. Düşünmürəm ki, Rusiyanın bu addımı  Ukraynanın iqtisadiyyatına ciddi təsir edəcək. Çünki Ukrayna  Avropa bazarlarında öz məhsullarını təmin edə bilir. Əgər Rusiyadan sonra Avropa da Ukraynaya öz bazarlarını bağlayarsa, o zaman bu, onun iqtisadiyyatına zərbə ola bilər. Amma bu situasiyada Ukraynanın elə də ciddi ziyan görəcəyini düşünmürəm".