“Moskva təkcə Ermənistanda deyil, başqa ölkələrdə də eyni siyasəti tətbiq edir, hərbi bazalar saxlayır”
“Moskvanın ənənəvi siyasəti hər kəsə məlumdur. Bu siyasət hərbi mexanizmlərə əsaslanır”
Rusiyadakı erməniyönlü “Regnum” informasiya agentliyinin baş redaktoru, politoloq Modest Kolerov maraqlı açıqlama ilə çıxış edib. O, deyib ki, Ermənistanda Rusiya hərbi bazalarına artıq heç bir ehtiyac qalmayıb.
“Paşinyan hakimiyyətdə qaldı. Paşinyan ümid edir ki, kimsə Rusiyanı əvəzləyəcək və onun təhlükəsizliyinin və digər ütopik fikirlərinin qarantı olacaq. Bu səbəbdən Gümrüdəki və Erebunidəki (İrəvan yaxınlığı - red.) Rusiya bazalarının çıxarılması yaxın gələcəkdə reallaşa bilər”, - deyə ekspert qeyd edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında Modest Kolerovun fikrinə münasibət bildirdi:
“Düzdür, Rusiyann Ermənistana marağı azalıb. Biz bunu müharibə dövründə də gördük. Şimal qonşumuz İrəvana gözlənilən dəstəyi vermədi. Lakin bu, o demək deyil ki, Moskva öz forpostundan əl çəkəcək. Rusiya təkcə Ermənistanda deyil, başqa ölkələrdə də eyni siyasəti tətbiq edir, hərbi bazalar saxlayır. Şimal qonşumuzun sözügedən qərar qəbul etməsi zəiflik olar”.
E. Şahinoğlunun sözlərinə görə, Moskva tarix boyu davam edən diplomatiyasından imtina etməyəcək:
“Əksinə, Ermənistan Rusiyadan hərbi bazaların sayının artırılmasını xahiş edir. Doğrudur, düşmən ölkədə indiki məqamda rus hərbi kontingentinin olması məntiqli deyil. Çünki Kreml guya sülh və sabitlikdə maraqlıdır, Azərbaycanla Türkiyəni özünə dost bilir. Fəqət, Moskvanın ənənəvi siyasəti hər kəsə məlumdur. Bu siyasət hərbi mexanizmlərə əsaslanır”.