Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhey 6-9 iyul tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Bu barədə “Eureporter” nəşri məlumat yayıb. O.Varhey Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslərlə danışıqlar aparacaq. Avropa Komissarı bölgə üçün iqtisadi və investisiya planı təşəbbüsləri barədə danışacaq. O, bölgədəki üç ölkənin hər biri ilə ikitərəfli münasibətlərdəki əsas məqamları diqqətə çatdıracaq.
Politoloq Tofiq Abbasov Aİ rəsmisinin bölgəyə səfərini “Sherg.az”a şərh etdi:
“Post-müharibə dövrü bölgədə yeni reallıq yaratdı. Bu, kimsəyə sirr deyil. Beynəlxalq təşkilatlar, o cümlədən Aİ yaxşı bilir ki, gələcək əməkdaşlıq üçün regiondakı sülh və sabitlik əsas şərtdir. Səfər də məhz bu məqsədlidir. Eyni zamanda Aİ üçün ən maraqlı dövlətin Azərbaycan olduğu şübhəsizdir. Bu qurum ölkəmizlə əməkdaşlıqda maraqlıdır”.