Məhəmməd Əsədullazadə: "Azərbaycanda dövlətdən tam asılılıq var və gələcəkdə də bu, bir müddət belə davam edəcək"
Turab Rzayev: "Bu, bütün siyasətçilərə şamil olunacaq. Çünki artıq insanlar yeni yanaşmaya doğru daha da müsbət yanaşırlar"
"Biznes İnsayder" adlı şəbəkənin mütəxəssisləri gələcəkdə ən çox qazanan 20 peşəni müəyyənləşdiriblər. Siyahının əvvəlində politoloqların - siyasətçilərin olması xeyli diqqət çəkib. Belə ki, araşdırmalara əsasən politoloqlar təqribən 124 min dollardan çox maaş ala biləcəklər. Qeyd edək ki, bu siyahı 2029-cu ilə nəzərən hesablanıb.
"Biznes İnsayder" hesab edir ki, texnologiyanın inkişafı ilə əlaqədar ixtisaslar da insan ehtiyaclarından asılı olaraq dəyişir. Əslində keçmişdə "sevimli peşələr" adlandırılan bir çox peşə hazırda tətbiq olunmur. Sözügedən şəbəkədə çalışan mütəxəssislər də peşələrini seçəcək şəxslərə bələdçilik etmək üçün gələcəkdə ən çox qazanan 20 peşəni açıqlayıb. Qeyd edək ki, bu siyahı 2029-cu ilə nəzərən hesablanıb. Birincisi, siyasət adamları olan siyahıda ikinci yeri kimya mühəndisləri tutur. Belə ki, 2029-cu ildə bu peşəni seçənlərin orta illik maaşı 114.820 dollar olacaq. Bəs Azərbaycan üçün bu vəziyyət realdımı? Bu barədə "Şərq" politoloqlar arasında sorğu keçirib.
Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, bu vəziyyət Azərbaycan üçün real deyil. O qeyd edib ki, bu, Qərbin demokratik ölkələrinə xasdır:
"Orada araşdırma mərkəzləri, mətbuat və televiziyalar müstəqildir və kifayət qədər maliyyəsi olur. Azərbaycanda isə dövlətdən tam asılılıq var və gələcəkdə də bu, bir müddət belə davam edəcək. Ona görə də bu, Azərbaycan üçün real deyil. Düzdür, bəzi istisnalar ola bilər. Amma ümumi olaraq Azərbaycan kimi ölkələrdə politoloq və siyasətçilərin maliyyəsi çox aşağı səviyyədədir. Bu istiqamətdə inkişaf yoxdur".
Politoloq Turab Rzayev isə "Şərq"ə açıqlamasında məsələyə fərqli yanaşıb. O bildirib ki, artıq yeni dövr yeni yanaşma tələb edir:
"Artıq bir çox siyasətçilər bu peşəyə müasir menecment qaydalarına uyğun bir baxış tələb edirlər. Biz bunun nümunələrini daha əvvəl də görmüşük. Məsələn, Sinqapurda öndə gedən şirkətin icra direktorlarının maaşının ortalaması götürülür və onun əsasında Baş nazirə maaş təyin edilir. Çünki baş nazir ölkənin meneceri kimi qəbul olunur. Eyni şəkildə bir sıra körfəz ölkələrində, Qərb ölkələrində bu cür yanaşmanın biz şahidi oluruq. Düşünürəm ki, bu, bütün siyasətçilərə şamil olunacaq. Çünki artıq insanlar yeni yanaşmaya doğru daha da müsbət yanaşırlar. Və artıq keçmiş sırf ideoloji cəhətdən bağlı hansısa ideoloji partiya, xətlərə uyğun daha çox fanatik liderlər bir növ artıq arxada qalır. Hətta bəzi ölkələrdə buna görə ictimaiyyət arasında tanınmış adamlar və yaxud sırf internet fenomenləri, blogerlər və s. bəzilərində artistlər daha çox seçkilərdə səs toplayırlar. Düşünürəm ki, bunun özü yeni yanaşma gətirəcək. Məsələn, 2029-cu ildə daha effektiv, qızğın və aktiv siyasi mühit görəcəyik. Həmin müddətdə əlbəttə ki, iştirakçılara menecer yanaşması tələb olunacaq. Ona görə də həmin peşənin dəyəri və ona ödəniləcək miqdarda artacaq. Hesab edirəm ki, nə qədər siyasi oyunçular çoxdursa və qabiliyyətlərinə ehtiyac duyulursa, o zaman onların peşələrinin dəyəri və onlara veriləcək konpensasiyanın dəyəri də artacaq. Bu tamamilə normal haldır. Düşünürəm ki, 2029-cu ilə qədər Azərbaycanın bu sahəsində xeyli irəliləyiş nəzərə çarpacaq".
Politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında deyib ki, o, 2001-ci ildən rəsmən siyasətdədir:
"20 ildir ki, siyasətlə məşğul olmuşam. Deyərdim ki, Azərbaycanda siyasət ən pul qazanılmayan sahədir. İqtidarda müəyyən qədər qazanc var, amma müxalifətdə yoxdur. Ümumiyyətlə, Azərbaycanda bu sahədən insanlar qaçır. Yəni Azərbaycanda hələlik bu sahədə elə bir gəlir əldə etmək mümkün deyil. Ancaq gələcəkdə bəlkə də hansısa yeniliklər ola bilər".
Politoloq İlyas Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, “Biznes İnsayder”in statistikasında siyasətçilərin və politoloqların öndə olması diqqət çəkir:
“Təbii ki, aktiv siyasətlə məşğul olan şəxslər, xüsusilə dövlət rəsmiləri, millət vəkilləri, siyasi institutların rəhbərləri, dövlətin siyasi sahədə tədqiqatlar aparılmasını sifariş edən və onu icra edən şəxslər çox yaxşı məvaciblər alırlar və bu məvaciblər ümumi kütlənin qazandığından fərqlənir. Lakin politoloqların da gələcəkdə 124 min dollardan çox maaş ala bilməsi bir qədər təəccüblüdür. Çünki Azərbaycanda bu cür məbləğin politoloqlara verilməsi demək olar ki, praktiki olaraq mümkün deyil. Dövlətin bir çox sahələrdə nəzarət institutları, nəzarət mexanizmləri var. Məsələn, media üzrə Media İnkişaf Agentliyi var ki, kütləvi informasiya vasitələrinin nəzarətini bu orqan həyata keçirir. Qeyri-hökumət təşkilatlarının da nəzarət orqanları var. Bu siyahını təbii ki, uzatmaq olar. Lakin siyasi-şərhçilərin, politoloqların, ictimai düşüncə sahiblərinin, xalqa siyasi proseslərlə bağlı müfəssəl məlumatlar ötürənlər üçün hər hansısa bir orqan yoxdur. Onlara təlimlər də keçirilmir və bu sahədə sanki bir pərakəndəlik var. Qeyd edim ki, politoloqların bu günləri Azərbaycanda əsas məsələlərdə maddi ehtiyacları ödənilmir. Bu nöqteyi-nəzərdən biz qeyd edə bilərik ki, bu sahəyə diqqətin ayrılması məhz Azərbaycanda çox önəmlidir. Çünki SSR dövründə ictimai fikir sahibləri və müəyyən siyasi düşüncəni formalaşdıran şəxslərə qonorarlar ödənilirdi. Hazırkı durumda televiziyalarda, qəzetlərdə, saytlarda, analitik informasiya portallarında bu cür praktika yoxdur və ödənişlər həyata keçirilmir. Yaxşı olardı ki, bu sxem işə salınardı. Bu sahə üzrə diqqət ayrılar və dövlətin də bu sahəyə dəstəyi müşahidə olunardı. Çünki hər gün müxtəlif şərhlərin, təhlillərin verilməsi, bu sahədə olan fəaliyyətin maddi qarşılığı da siyasi-şərhçilər və politoloqlar üçün çox önəmlidir. Günümüzün reallığından irəli gələrək qeyd edə bilərik ki, maddi dəstəyin göstərilməsi işin effektivliyinə də müsbət təsir göstərəcək”.