Kreml açıq “oynayır: “İrəvan maraqlarımıza cavab verməsə...” – Dilemma!

“... Qərbyönümlü siyasət yeritsə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyini yaşayacaq”



Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyada səfərdədir. Onun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Paşinyan və Putin Ermənistan-Rusiya strateji gündəliyindəki məsələləri müzakirə edəcəklər. Tərəflər həmçinin, 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatların icrası, Qarabağın əhalisinə humanitar yardımın verilməsi ilə bağlı məsələlərə də toxunacaqlar. 

Siyasi analitik Turab Rzayev sözügedən səfərlə bağlı “Sherg.az”ın suallarını cavablandırdı:

- Bu görüş nə ilə bağlıdır?

- Paşinyan, belə demək mümkünsə, iki od arasında qalıb. O, zaman-zaman Qərbmeyilli siyasət yeritməsinə baxmayaraq, Kreml rəhbərliyinin “könlünü almağı da” bacarır. Bundan sonra isə qərar verməlidir.

- Elə isə Paşinyan hansı yolu seçəcək?

- Tamamilə Qərbyönümlü siyasət yeritsə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyini yaşayacaq. Fikrimcə, Paşinyan balanslı davranacaq. Bir tərəfdən, Rusiyann maraqlarına cavab verməyə, digər tərəfdən isə Qərbdən maliyyə yardımının kəsilməməsinə çalışacaq.

- KTMT-nin bu günlərdə verdiyi “Zəngəzurda baş verənlərə qarışa bilmərik” açıqlaması da Ermənistana mesaj kimi qiymətləndirilə bilər?

- Əlbəttə. Kreml artıq açıq “oynayır”. Konkret formada deyir ki, İrəvan maraqlarımıza cavab verməsə, biz onu müdafiə etməyəcəyik.

- Hadrut və Qazaxdakı yanğını, həmçinin Ağdamda atəşkəsin pozulmasını bugünkü görüşlə izah etmək olarmı?

- Hansısa əlaqənin olduğunu düşünmürəm. Təxribatlar barədə müxtəlif versiyalar var. Ola bilsin, Rusiya Ermənistan vasitəsilə Azərbaycana mesaj vermək istədi. İkincisi, provokasiyaların Qərbin əli ilə olduğu da istisna deyil. Çünki bəzi Qərb qüvvələri regionda sülh və sabitliyin yaranmasında maraqlı deyil. Biz bunu Tovuz hadisələri vaxtı da görmüşdük. Həmçinin Ermənistandakı daxili qüvvələrin bu cür təhriklərlə Azərbaycanı müharibəyə çəkməsi, beləliklə, Paşinyana zərb vurmaq istəməsi ehtimalı da realdır.