Bu gecə Qazax rayonu ərazisində Ermənistanla sərhəd zolağında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın Ermənistan ərazisində başlayıb və Azərbaycana keçib.
Bir neçə gün əvvəl Hadrutda yanğının baş verməsi, həmçinin bu gün Ağdam istiqamətində atəşkəsin pozulması heç bir şübhə yeri qoymur: Düşmən “Dəmir Yumruğun” dadına doymayıb...
Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov “Sherg.az”a açıqlamasında yanğının təsadüfi xarakter daşımadığını dedi:
“Ermənilərin əllərindən təxribatdan başqa bir şey gəlmir. Çünki rəsmi İrəvan normal qonşuluq münasibəti istəməyən, sülh istiqamətində addım atmaq gücündə olmayan dövlətdir. Məqsəd aydındır: məsuliyyəti bizim tərəfimizə atmaq və “sərhəddə vəziyyət gərgindir” iddiası ilə gündəmi genişləndirmək. Beləliklə, Ermənistan guya sakitliyin təmin olunması üçün sərhəddəki rus sülhməramlılarının sayının artırılmasına çalışır”.