Sosial Tədqiqatlar Mərkəzinin bu günlərdə keçirdiyi sorğuda Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə dair də iki sual soruşulub. Respondentlər seçkilərdə Nikol Paşinyanın qalib gəlməsinin əsas iki səbəbi kimi erməni xalqı müharibədən çəkindiyi üçün revanşistlərə səs verməməsini (48.1%) və ermənilərin Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını istəməsini (37.4%) görür. Hər beş nəfərdən biri sualı cavablandırmaqda çətinlik çəkib.
Paşinyanın hakimiyyətini davam etdirməsindən əsas gözlənti kimi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacağı fikri geniş yayılıb (60.9%). Hər dörd nəfərdən biri (25.4%) düşünür ki, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr Birgə bəyanatın şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək.
Millət vəkili Zahid Oruc sorğunun nəticələrini “Sherg.az”a şərh etdi: “Ermənistanda Paşinyanın qalib gəlməsi ölkəmizdə də müsbət qarşılandı. Çünki Robert Köçəryan və Serj Sarkisyanın adları işğalla, humanitar məhrumiyyətlərlə assosasiya olunur.
Əlbəttə bizim üçün şəxs yox, ideologiya maraqlıdır. Sadəcə məsələ ondan ibarətdir ki, Paşinyandan başqa, digər siyasətçilərdən heç biri ilə bağlı normal münasibətləri, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını proqnozlaşdırmaq olmur. İkinci bir tərəfdən, yerli xalq müharibə istəmir. İnsanlar savaşdan ancaq itiriblər”.
Z.Oruc, həmçinin proseslərin gələcək inkişafı haqqında danışdı:
“İnsanlarımız qonşu dövlətlərlə münasibətlərin yaxşı olduğunu aydın görürlər. Bu isə o deməkdir ki, Ermənistan regional proseslərin subyekti deyil. İrəvanın öz taleyini həll etmək gücü yoxdur. Paşinyanın Moskvaya səfəri də bunu təsdiqləyir. Böyük ehtimalla, Kreml sahibi Paşinyanı regional əməkdaşlığa vadar edəcək. Əlbəttə, Ermənistan öz gələcəyini özü həll edəcək. Lakin belə getsə, 2050-ci ildə yerli əhali cəmi bir milyon olacaq”.