“İstənilən an parlamentin buraxılması haqqında qərar verə bilər”
Ermənistanda XİN-lə hakimiyyət arasında qalmaqallı vəziyyətin hökm sürdüyü bir vaxtda ölkədə daha bir qurumda xaosun tüğyan etdiyi ortaya çıxıb. Bu barədə “Joxovurd” qəzeti yazıb. Nəşr Ermənistanın Hərbi İstintaq İdarəsində “istefa paradı”nın başladığını qeyd edib. Belə ki, erməni müstəntiqlər sözügedən sahədə minlərlə cinayət işlərinin olmasından və işlərə baxmağa çatdıra bilmədiklərindən şikayət edirlər. Ölkədə hərb sahəsində istintaqların aparılması tapşırılan müstəntiqlər kütləvi şəkildə istefa verərək prokurorluq orqanlarına keçirlər.
“Onlar hərbi sahədəki işləri araşdırmağa çatdırmadıqları üçün “daha sakit və rahat” işə - prokurorluq orqanlarında çalışmağa meyl edirlər”, - deyə nəşr qeyd edib.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Sherg.az”a açıqlamasında proseslərin arxasındakı digər səbəbləri də sadaladı:
“Baş verənlər təkcə işlərin çoxluğu ilə əlaqədər deyil. Müstəntiqlər yaxın gələcəkdə ciddi problemlərin yaranacağını indidən təxmin edirlər. Belə ki, üçtərəfli razılaşmaya əsasən Ermənistanda ordu qalmamalıdır. İxtisarlar hərbçilər arasında ciddi narazılıq yaradacaq. Ona görə də müstəntiqlər istefa yolu ilə etirazlarını bildirirlər”.
M.Əhmədoğlu, həmçinin İrəvandakı daxili vəziyyətdən danışdı:
“Çevriliş məsələsi keçmişdə qalıb. Xaos isə bilərəkdən yaradılıb. Ermənistan konstitusiyasına görə parlamentin 30 faizi müxalif olmalıdır. İndi həmin 30 faiz Köçəryan və Sarkisyana verilib.
Əlbəttə, Paşinyan istəməsə, bu, olmazdı. Hazırda baş nazir vəzifəsini icra edən siyasətçi istənilən an parlamentin buraxılması haqqında qərar verə bilər”.