Azərbaycanın sülhməramlıları Əfqanıstandan təcili çıxarılmalıdır
Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxmasını təklif edib. Parlament üzvü bildirib ki, artıq ABŞ, Almaniya və digər dövlətlər öz hərbi kontingentini Əfqanıstandan çıxarır: “Ötən ilin sonunda biz parlamentdə Əfqanıstanda səfirliyimizin açılması ilə bağlı qanun qəbul etdik. O zaman da qeyd etdim ki, bu, çox risklidir. Amma indi ABŞ Əfqanıstandakı 20 illik fəaliyyətinə son qoyur, ölkəni tərk edir.
Artıq bir neçə gün bundan öncə Çin də öz vətəndaşlarını təcili Əfqanıstanı tərk etməyə səslədi. Azərbaycanın da Əfqanıstanda 120 nəfərlik sülhməramlı missiyası var. Hesab edirəm ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bu məsələni təcili şəkildə Müdafiə Nazirliyi ilə müzakirə etməli və Ali Baş Komandana müraciət edilməlidir. Nə qədər gec deyilsə, bizim sülhməramlılar Əfqanıstandan çıxarılmalıdır. Hökumət artıq Əfqanıstanın bütün kənar bölgələrinə nəzarəti itirib. Hər gün daha çox ərazilər “Taliban”ın nəzarətinə keçir. Əfqanıstan orta əsrlər qanunları ilə yaşamaq istəyir”.
Azərbaycan kontingenti Əfqanıstanda qalarsa, onları hansı təhlükələr gözləyir?
Sualımızı cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib ki, Əfqanıstanda olan Azərbaycan kontingentinin çıxarılması ilə bağlı çağırış çox düzgündür. Politoloq vurğulayıb ki, artıq dünyanın aparıcı hərbi siyasi ekspertləri Əfqanıstanda vəziyyətin gərginləşməsi ilə bağlı müxtəlif proqnozlar edirlər:
"Bununla da hər keçən gün eskalasiya riski daha da artır və bu genişmiqyaslı müharibələrə gətirib çıxarda bilər. Çünki Əfqanıstanın sərhədyanı bölgələrində "Taliban" qüvvələrinin hərəkətlənməsi, eyni zamanda Amerika Birləşmiş Ştatları qoşunlarının ölkəni tərk etməsindən sonra vəziyyəti daha da kəskinləşəcək. Burada isə bizim üçün əsas məsələ azərbaycanlı hərbiçilərin sağlamlığının, təhlükəsizliyinin qorunmasıdır. Eyni zamanda onların beynəlxalq standartlara uyğun şəkildə evakuasiyasını həyata keçirtmək çox önəmlidir. Çünki azərbaycanlı hərbi qulluqçular genişmiqyaslı müharibə başlayacağı təqdirdə sülhü və təhlükəsizliyi qoruya bilməyəcəklər. Dünyadakı digər sülhməramlı qoşunlar və qüvvələr də oranı tərk etmək məcburiyyətində qalacaq. Buna görə də bu proses nə qədər tez baş versə, o qədər daha effektiv və səmərəli olar".
İ.Hüseynov qeyd edib ki, sülhməramlı qüvvələrin çıxarılması ilə bağlı digər dövlətlərdə də müzakirələr gedir:
"Artıq müharibə ehtimallarını nəzərə alaraq radikallarla hakimiyyət qüvvələri arasında müxtəlif çaxnaşmaların, silahlı qarşıdurmaların baş verməsi qaçılmazdır. Bu nöqteyi-nəzərdən bizim üçün ən prioritet məsələ hərbi qulluqçularımızın sağlamlığı və onların həyatıdır. Əgər onların sağlamlığına və təhlükəsizliyinə indidən təhdid varsa, çox tez bir zamanda onların vətənimizə qaytarılması prosesinə başlamaq lazımdır. Çünki əks təqdirdə çox gec ola bilər. Həm şərqdən, həm də qərbdən "Taliban" qüvvələrinin ölkəni nəzarətə almasından sonra artıq bunu etmək biraz çətin olacaq. Çünki Taliban qüvvələri hava məkanına da nəzarəti ala bilərlər. Onda artıq bizim hərbi qulluqçularımız çıxılmaz vəziyyətə düşə bilər. Bunu nəzərə alaraq artıq bu sahəyə nəzarət edən şəxslər Müdafiə Nazirliyinin müvafiq dəstəsi sülhməramlı kontigentin oradan çıxarılması ilə bağlı nə qədər tez qərar versə, o qədər itkilərin qarşısını daha tez almaq mümkün olar".