Səsimiz Əfqanıstanda da eşidiləcək

Azərbaycanın nüfuzu artıq Cənubi Qafqazın sərhədlərini aşıb

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar.
Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar. Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranan həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib. Tacikistan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidentini onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev "Şərq"ə açıqlama verib. O vurğulayıb ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyevə zəngi rəsmi Bakının təsirinin artıq Qafqazın sərhədlərini aşdığını göstərən yeni geosiyasi reallıqdan xəbər verir:

"Xatırladaq ki, telefon danışığıyla bağlı rəsmi bilgidə tərəflərin iki ölkə arasındakı əlaqələrə toxunmaqla yanaşı, “Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət” ayırdıqları vurğulanır.  Bəllidir ki, biz KTMT üzvü deyilik, fəqət buna baxmayaraq Tacikistan prezidenti ölkəsinin “Əfqanıstanla həmsərhəd əyalətlərində yaranan həyəcanlı vəziyyət”lə bağlı cənab İlham Əliyevə ətraflı bilgi verirsə, demək, Azərbaycanın oradakı proseslərə təsir imkanlarının olduğu düşüncəsindədir və dəstəyimizə ehtiyac duyur. İzləyənlər bilirlər, mən Azərbaycanın bir dövlət olaraq təsirinin artıq Qafqazın sərhədlərini aşdığını, bəlli güclərin özlərinin Qarabağ siyasətlərində gec-tez bu reallığı da nəzərə almalı olduğunu demişdim. Və onu da bildirmişdim ki, Silahlı Qüvvələr Günüylə bağlı çıxışında cənab Prezident “Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan” ifadəsini elə-belə işlətmirdi".

 S.Alıyev əlavə edib ki, burada savaşın ilk günündən hər üç dövlətin Azərbaycana dəstəklərindən bəhs edilirdi. Amma çox ehtimal ki, məhz bu üç dövlətin adının çəkilməsi həm də formalaşmaqda olan yeni geosiyasi konfiqurasiyada Azərbaycanın üçlüklə birgə hərəkət planlarının olduğunu göstərir:

"Son zamanlar Türkiyə və Pakistanla hərbi-siyasi əməkdaşlıq müstəvisində aparılan intensiv danışıqlar da bunu təsdiqləyir. Yəni mən belə düşünürəm ki, Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı təkcə Qafqazla məhdudlaşmayıb, Xəzərin o tayında, ilk növbədə də Əfqanıstanda da davam etdiriləcək. Və fikrimcə, Azərbaycanın gələcəkdə Əfqanıstandakı qızılbaşlar, bəlkə, həm də xəzərilərlə daha sıx işləmək perspektivi yaranıb. Bu da qardaş ölkədəki vəziyyətin normallaşmasında müsbət rol oynaya bilər. Orasını da deyim ki, qızılbaşlar azərbaycanlılardır, əsasən strateji əhəmiyyət daşıyan şəhərlərdə- paytaxt Kabildə, Qəznidə və Qəndaharda yaşayırlar. Əksər beynəlxalq ekspertlər saylarının yarım milyonu keçməməsinə baxmayaraq onların Əfqanıstanda ən savadlı etnik qrup olduqlarını, peşəkarlıqlarıyla fərqləndiklərini, daha çox dövlət işlərində çalışdıqlarını bildirirlər. Xəzərilər isə türk və tacik etnosunun qarışığından yaranan şiə toplumudur ki, onların da sayı iki milyona yaxındır. Bu toplumun üzərində İranın təsirinin olması isə nə qərbdə arzuediləndir, nə də Əfqanısatana qonşu ölkələrdə. Hətta Tacikistan belə Əfqanıstana yanaşmada birgə əməkdaşlıqda İrandansa qardaş Türkiyəyə üstünlük verir. Bir sözlə, Pakistanın Əfqanıstandakı puştun çoxluq, Türkiyənin özbəklər və türkmənlər üzərində təsirini nəzərə alsaq, Azərbaycan da qızılbaşlar və xəzərilərlə fəal işləməklə bizə dost olan bir dövlətdə nəhayət ki, sülhün yaranmasını təmin edə bilərlər".