Əfqanıstana nəzarət hazırda Türkiyənin əlindədir

"Taliban" danışıqlara hazır olsa, Ankara buna şərait yaradacaq


ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin rəisi general Mark Milli brifinq keçirib. O, açıqlamasında bildirib ki, üç aydan az müddətdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının, demək olar ki, 95 faizi tamamlanıb. General bildirib ki, paytaxt Kabil xaricindəki bütün hərbi bazalar tamamilə Əfqanıstan Müdafiə Nazirliyinə və Əfqan təhlükəsizlik qüvvələrinə verilib. Maraqlıdır ki, bundan sonra Türkiyə hansı addımı atacaq?

Mövzu ilə bağlı BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə fikirlərini dəyərləndirib. Politoloq qeyd edib ki, Amerikanın Əfqanıstandan qəfil çıxma qərarı almasının ən maraqlı tərəfi digər ətraf və maraqlı ölkələrin təhlükəsizlik planlarına gözlənilməz zərbə vurması olub:

"Ümumiyyətlə, Amerikanın bu qərarına elə bu kontekstdən yanaşmaq lazımdır.

Çünki həqiqətən də hazırkı durumdan bütün ölkələr çox narahatdırlar. Narahatlıq elə həddə çatıb ki, Rusiya, İran, Çin özlərini itiriblər, nə edəcəklərini bilmirlər. Dünya miqyasında terrorçu kimi tanınan "Taliban" təşkilatı ilə açıq-aşkar görüşmələrini belə heç olmasa gizli şəkildə bağlı qapılar arxasında etmək belə ağıllarına gəlmir. "Taliban"la görüşürlər, özlərinə ürək-dirək verirlər ki, "Taliban" onlara söz verib ki, hücum etməyəcək. Ancaq görünən odur ki, Rusiyanın Qırğızıstandakı 201-ci hərbi bazası gücləndirilir, orada təlimlər keçirilir və güc göstərişi edilir. Sonra isə deyirlər ki, biz "Taliban"ı idarə edirik. Əlbəttə, Amerika hər şeyi dəqiq hesablayıb. Uzun aylar "Taliban"la bir sıra danışıqlar aparılıb və nəticədə belə qərar alınıb. Bu, heç vaxt təsadüf ola bilməz. Amerika bu addımı ilə özünü güclü hesab edən Rusiya və Çini fakt qarşısında qoyub. Bu proseslərə də nəzarəti Türkiyəyə tapşırıb".

A.Qasımov əlavə edib ki, regiondakı bütün ölkələr Türkiyənin Əfqanıstandakı fəaliyyətinə möhtac duruma düşüblər:

"Türkiyə Əfqanıstanda "Həmid Karzai" adına hava limanını idarə və müdafiə edir. Bu nüansda bütün mətləblər aşkar görünür.

Belə ki, Əfqanıstanla tək hava əlaqəsi olan bir mühüm obyektin idarəsi Türkiyədədir. Belə olduğu təqdirdə ondan soruşulmamış hansı dövlətin rəsmisi və ya digər əlaqə yaratmaq istəyən şirkəti ora gələ bilər? Deməli, hazırda Əfqanıstanın nəzarəti Türkiyənin əlindədir. Türkiyə digər özünü itirmiş ölkələrdən fərqli olaraq özünü sivil və beynəlxalq hüquqa hörmət edən dövlət kimi aparır. Türkiyə "Taliban"la açıq ya gizli danışıq aparmasa da, əslində "Taliban"ın Türkiyəyə və onun Prezidenti R.T.Ərdoğana münasibəti müsbətdir. "Taliban" rəsmisi yaxın günlərdə: "Biz Türkiyəni və Ərdoğanı sevirik. Ərdoğan müsəlman dünyasının lideridir. İstəyirik ki, Türkiyə NATO ölkəsi kimi yox, özü kimi Əfqanıstanda olsun" - demişdi. Hesab edirəm ki, Türkiyə "Taliban"la Rusiyada, İranda və Qətərdə aparılan separat danışıqlara rəsmi şəkildə qatılmamaqla öz üzünü qoruyur və gözləmə mövqeyi seçib". 

Politoloq hesab edir ki, "Taliban"ın Əfqanıstanda uğur qazanması və ölkənin ərazilərinin zəbt edilməsi bir müddət davam edəcək:

"Bu müddətdə də "Taliban"la Türkiyənin kənardan nəzarətində görüş aparılacaq. Əgər "Taliban" rəsmi əfqan hökuməti ilə razılığa gəlib ölkənin idarəsində birlikdə iştirakı qəbul etsə, Türkiyə buna şərait yaradacaq. Yox əgər razılığa gəlməsələr, Türkiyə Liviyada  da olduğu kimi rəsmi əfqan hökumətinin tərəfində çıxış edərək talibləri güc yolu ilə tutduğu ərazilərdən geri atacaq. Təbii ki, taliblər də ölkənin vətəndaşları kimi orda yaşamalıdır. Bu baxımdan, hesab edirəm ki, Türkiyənin onlara güc tətbiq etməsindən sonra əgər taliblər anlasalar ki, artıq paytaxt Kabili tutmaq mümkün deyil, o zaman danışığa gedəcəklər".